Milli Məclisdən Interpress.az-a verilən məlumata görə, bu, \”Dövlət qulluğu haqqında\” qanuna edilməsi nəzərdə tutulan yeni dəyişikliklərdə öz əksini tapıb.
Yeni dəyişikliklərə əsasən, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin (dövlət qulluğuna qəbul müsabiqə əsasında – test imtahanı və müsahibə yolu ilə keçirilir) keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsas olacaq. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, bəzi deputatlar və ekspertlər müsabiqənin müsahibə mərhələsinin ləğv olunmasını təklif edirlər. Onların fikrincə, müsahibə mərhələsi hər zaman problemli və narazılıqların yaranmasına səbəb olur.
Qanuna edilən digər dəyişikliklər əsasında dövlət orqanının rəhbərinin təqdim olunmuş namizədin stajçı kimi qulluğa götürməsi müddəti də azaldılıb.
Hazırda dövlət opranının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək 1 il müddətində stajçı kimi qulluğa qəbul edir.
Yeni dəyişikliklərdə isə bu müddətin 6 ay olması təklif edilib.
Bundan başqa, tövsiyə olduqda stajçının işə götürülməsi üçün müəyyən edilən sınaq müddəti də azaldılıb.
Hazırkı qanuna görə, dövlət opranı rəhbərinin təyin etdiyi kuratorun tövsiyəsi (qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa) müsbət olarsa, onun əmək müqaviləsi bağlamaq yolu ilə 6 ay müddətinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Yeni təkliflərə görə isə tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul ediləcək.
Interpress.az