Yardımlı rayon mərkəzini üzü Ərdəbilə tərəf keçən kimi yolun sağ tərəfində, bir qədər də yüksəklikdə ağ bir tikili gördüm. Bu səfərim 2000-ci illərin lap əvvəlində bir yaz günü baş tutmuşdu. Nədənsə bu ev mənə müqəddəs ocaq kimi göründü. Maraqlandıqda dostlarım onun Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yarıdıcılıq evi olduğunu dedilər. Lakin sahibi qəsrdə olmadığından oranı ziyarət etməyin mümkünsüzlüyünü də söylədilər. Beləcə hər dəfə yolum Yardımlıya düşəndə həmin ocağı gözlərimlə də olsa ziyarət etməyi unutmuram. Çünki buradan bənzərsiz bir şair, böyük bir türk ziyalısı pərvazlanıb ki, türk nəfəsi gələn, türk ruhu duyulan hər qarış torpağı özünə vətən, doğma yurd hesab edir.
Xalq şairi Sabir Rüstəmxanlı bu il ömrünün mübarək 70-ci baharında açmış çiçəklərdən lap elə gəncliyində olduğu kimi şirə çəkir. O, şirəni özü üçün deyil, təfəkküründən Türk dünyasına, bəşər övladına bal süzmək üçün toplayır. Bal demişkən, Yardımlıda sıldırım bir dağın sərt uçurumunun tən ortasında bal arılarının nəhəng bir şanısının olduğu yeri uzaqdan mənə göstərdilər və bu əlçatmaz, müdhiş yerdən bal götürülməsinin mümkünsüz olduğunu dedilər. İndi düşünürəm ki, bəlkə də Yardımlı təbiəti bu kimi möcüzələri yaratmaqla dünyaya bal arısı kimi bərəkətli, Yardımlı şəlaləsi kimi coşğun, min iki yüz yaşlı Ökü çinar (Şiləvəngə kəndində) kimi möhtəşəm, Qız qalası (Çayüzü kəndinin sığındığı dağın zirvəsində yerləşir) kimi sehirli, Şah İsmayılın yaylaq yerlərindən biri olduğu deyilən Deman qalası kimi ulu, Viləş çayının mənbəyi, Şah İsmayılın iftarını suyuyla açdığı deyilən Gözə bulağın suyu kimi yardimli selalesisaf, Yardımlı meşələri kimi gözəl bir şair verəcəyini müjdələyirmiş. Yardımlıda nə görmədim ki?! Hələ Şiləvəngə kəndinin şimal-şərqində yerləşən yüksəklikdəki qəbristanlıqda təsadüfən rastlaşdığım, üstünə at nalının dərin iz saldığı daşdan danışmıram. Bu nal izi müasir nallardan ən azı iki dəfə böyük olması ilə fərqlənirdi. Bu dağlarda boyu iki metrdən kiçik olmayan qədim insanların qəbirlərinə, eləcə də müxtəlif növ qədim məişət əşyalarına və sənətkarlıq nümunələrinə də rast gəlmək olur. Bütün bunlarla yanaşı Yardımlının doğurduğu təbiət hadisələrindən, nadir incilərdən biri də, heç şübhəsiz onun dünyaya bir Sabir Rüstəmxanlı verməsidir.
Onu da deyim ki, ilk səfərimdə Yardımlının Şiləvəngə kəndində Sabir bəyin “Ömür kitabı” adlı əsərini mənə hədiyyə etdilər. Bu kitabı oxuduqca Kəlbəcərdən tutmuş Bərdəyə qədər, oradan da Türkiyənin və Güney Azərbaycanın bir çox yerlərini, təbii və tarixi mənzərəsini sanki elə müəllifin özüylə birlikdə qarış-qarış seyr etdim. “Ömür kitabı”nın həm tarixi, həm mədəni, həm də təbiət baxımından gözəl təsəvvür yaratması, eyni zamanda milli şüurun formalaşmasında oynadığı rol cəhətdən çox əhəmiyyətli kitab olduğunu yəqin ki, oxucular etiraf edər.
Sonralar müəllifin “Cavad xan” əsərini də oxumaq mənə qismət oldu. Bu əsər də öz növbəsində bəhs olunan dövrü bütün əlamətlərilə yüksək səviyyədə əhatə edir. Əsər Cavad xanın sonsuz fədakarlığından tutmuş, ta Hüseynqulu xanın Sisiyanovun başını kəsib indi Nizami Gəncəvinin Bakıda ucaldılmış heykəlinin yerində – Nizami Gəncəvinin ayaqları altında basdırıldığına qədər mükəmməl, düşündürücü, inandırıcı və milli maraqlarımıza uyğun şəkildə qələmə alınıb. Bu əsər vasitəsilə Rus işğalçı siyasətinin ağır nəticələri oxucunun gözü qarşısından kino lenti kimi keçir.
Yeri gəlmişkən, Sabir bəyin poeziyası da eyni ruhda, eyni koloritdə bərq vurur. Onun şeirlərində geniş milli təfəkkür – milli tarix, ulu keçmiş, milli mədəniyyət, miflər, milli ideologiya, bu günkü ictimai-siyasi mövqeyimiz, sabaha amalımız, əsil vətəndaşlıq məsələləri hər zaman ön planda olub. Bu tamam başqa bir yazının mövzusu olduğundan qısaca demək istəyirəm ki, onun şeirlərindəki bədii təsvirlər, lirik ifadələr milli ovqat, Haqqa sevgi aşılayan qopuz musiqisi, ozan nəğmələri kimidir. Bütün bunlara rəğmən Sabir Rüstəmxanlıya böyük hərflərə TÜRK MİLLİ ŞAİRİ desək, daha doğru olar.
Səbəbləri müəllif əsərdə belə şərh edir: “Daşnaqsütyunun xəyanəti və çar hökumətinin fitvasıyla türk-erməni savaşı belə bir vaxtda – xalqın başını qarışdırmaq, mərkəzi hökuməti hədəfdən yayındırmaq, milli azadlıq hərəkatlarını tələyə salmaq niyyətiylə başlanmışdı…” (s.209). Eyni problemin sünu surətdə yaradılmasını kitabda bu cür də oxuyuruq: “Savaş meydanlarında, diplomatiya aləmində məğlubiyyətlərini, ölkə daxilində həll edə bilmədiyi çətinlikləri unutdurmaq, pərdələmək üçün vəziyyəti daha da ağırlaşdırmaq, yeni konfliktlər yaratmaq Rusiya siyasətinin köhnə üsullarındandır” (s.284).
“Difai fədailəri”nin ilk bölməsi – “Şuşaya dönüş”də Əhməd bəy Ağaoğlunun Parisdən Şuşaya qayıdış səhnəsi təsvir olunur. Bu səhnədə Əhməd bəyin keçmişi xatırlamasından bəhs olunur və erməni şovinist düşüncəsini, uşaqlıqdan onların qafasına yeridilən “türk sənin düşmənindir” şüarını, Peterburq universiteti və yerli realnı məktəbi, gimnaziyanın əsasən xaçpərəstlər üçün qurulmuş olduğunu, müsəlmanların falaqqalı-çubuqlu molla təfəkküründən o yana keçməsinə imkan verilmədiyini aydınca sezmək olur. Və müəllifin özü dediyi kimi, gimnaziya müxtəlif əngəllərlə ya türk övladlarını məktəbdən qaçmağa məcbur edir, ya da məktəbi bitirən türk balalarında türklükdən əsər-əlamət qalmır.
Sabir Rüstəmxanlı əsərdə həm ictimai-siyasi, həm də fiziki həyatı təfsilatı ilə əks olunan Əhməd bəyin məktəbdə oxuyarkən əvvəlcə erməni mənşəli müəllimin, sonra da tapşırıq almış erməni əsilli həmyaşlarının onun başına açdığı mənəvi və fiziki əzablardan, psixoloji gərginləşdirmələrdən çəkmiş olduğu əziyyətlərdən geniş bəhs edilir. Müəllif bütün bu xoşagəlməz hadisələrin həm də qəhrəmanının öz böyük gələcəyini qurmasında ona stimul olduğunu da obrazlı surətdə əsərdə canlandırıb. Əhməd oxuyub gələcəkdə savadlı bir türk kişisinə, millətinin Nemət-Sabir-meydanxilaskarına çevrilməyi qarşısına məqsəd qoyur və buna nail olur. Onun Peterburqda əvvəlcədən tanıdığı, təmasda olduğu Şeyx Əhməd Səlyaninin nəvəsi Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşı ilə tanışlığı bu üçlüyün gələcəkdə Azərbaycanın əvəzsiz bir xilaskarına çevrilimsəinə səbəb olduğunu əsərdə asanca izləyə bilirik. “Peterburq görüşləri” bölməsində bu üçlüyün böyük qələbələrdən birini əldə etmələrini oxuduqca təsirlənməmək mümkünsüzdür. Bu tipli görüşlərli “Məmməd Əminlə tanışlıq”, “Tiflis. Sülh danışıqları”nda da müşahidə edirik. Tiflisdə keçirdilən, nəticəsiz sülh danışıqlarından sonra Gəncəyə sabir rustemxanliqayıdan heyət burada yerli ziyalılarla müzakirələr aparır, Əhməd bəyin təklifi ilə “Difai” firqəsi və onun Gəncə şöbəsi yaradılır. Təbii ki, öz müşahidələrini əsas götürərək, Azərbaycanın bu problemlərdən xilas yolunu axtaran Əhməd bəy Gəncəyə bu dəfəki gəlişinə qədər “Difai”nin konturlarını cızmış və ya onun vətənpərvər ziyalılardan ibarət olmaqla canlı bürclərini özlüyündə müəyyən etmişdir. Müəllif bu səhnədə Əhməd bəyi düşməndən müdafiə xarakterli təşkilatın qurulmasına sürükləyən amillərin ümumi səbəbini belə izah edir: “Parisdə liberal düşüncəyə yiyələnmişdi, qarışqaya da qıymazdı. Ancaq çar üsul-idarəsinin millətinin başına açdığı oyunları, ayır-buyur siyasətini, axıdılan nahaq qanları görəndən sonra sərt yollar aramaqdan başqa imkan tapmamışdı” (s.313). Bundan sonra şöbələrin yaranması Qarabağı müdafiə komitəsinin təşkili ilə davam edir. Difai hərəkatının gördüyü sərt tədbirlər Qafqazda münaqişənin səngiməsinə, erməni terrorçuların məğlub olmasına və, nəhayət Daşnaksütyunun barışıq təklifi ilə çıxış etməsinə səbəb olur. Bu ziddiyyətli hadisələr Əhməd bəyin İstanbula köçməsinə qədər davam etsə də, əsər baş qəhrəmanın, Əli bəy Hüseynzadənin və albay Bilal Qarabağlının 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Türk-İslam ordusunun önündə yenidən Bakıya qayıtmaları ilə sona çatır.
Sabir Rustemxanli-1“Difai” sözünün mənalandırılmasına gəldikdə isə müəllif bunu dərhal açıqlamamaqla oxucunu əsərdən daha möhkəm yapışmağa sövq edir və bu açıqlama ilə ilk dəfə 336-cı səhifədə məşhur dramaturq Nəcəf bəy Vəzirovun dediklərində qarşılaşırıq. Burada Əhməd bəy təşkilatın adını çəkərkən Nəcəf bəy, – Müsəlmanın əlindən nə gəlir ki, biz elə həmişə müdafiə olunuruq da!.. – deyə cavab verir. Nəhayət, müəllif bu açıqlamanı fəsil başlığına çıxarır – “Difai – dəf deməkdir”. “Difai” dedikdə Əhməd bəyin “bizim əsas işimiz maarifçilikdir, xalqa başa salmaq, birləşdirmək, qanunlar daxilində öz haqqını tələb etməyi öyrətməkdir, belə olsa zora, cəzaya ehtiyac qalmaz, əyri yol tutanları da başa salmalı, bəd əməllərdən, millətə ziyan vuran hərəkətlərdən çəkindirməliyik. Allah yaradan canı bəndənin almağa ixtiyarı yoxdur. Bu yolu tutsaq biz də olarıq Daşnaksütyunun tayı…” bunları nəzərdə tutması əsil demokratik, müasir düşüncə tərzi sərgiləməsi, elitar fikir yürütməsi və məsələyə sivil gözlə baxmasından xəbər verir. 366-cı səhifədə isə sözün mənası “dəf etmək, müqavimət göstərmək, müdafiə olunmaq” kimi açıqlanır.
Əli bəy Hüseynzadənin sultan Əbdülhəmidlə fikir ayrılıqları da əsərdə özünə yer alıb. Sultan Əbdülhəmidin “Türk deyə-deyə Türkiyədəki başqa xalqları hürükdürürsən, dövlət üçün problem yaradırsan”, deməsi Əli bəyin təəssüfünə səbəb olur və o, Azərbaycana qayıtmağa qərar verir. Qeyd edim ki, müəllif bu məsələni qabartmaqla, onun həm də günümüzlə müəyyən mənada səsləşdiyinə ehmalca işarə etmiş olur. Beləliklə, dostlar – Böyük üçlük Azərbaycanda bir araya gələrək bu dövlətin quruculuq işində töhfələrini verməyə başlayırlar. Milli şüurun formalaşdırılması naminə görülən işlərə Hacı Zeynalabdin Tağıyevin ağsaqqallıq etdiyi, maddi dəstək verdiyini və Əlimərdan bəyin təklifi ilə Hacının Əhməd bəyi Bakıya dəvət etdiyi, beləliklə, Əhməd bəyin “Kaspi” qəzetində çalışmağa başlaması və, nəhayət, çətinliklə də olsa “Həyat” və “İrşad” qəzetlərinin nəşrinə nail olmaları ilə də əsərdə bir daha tanış oluruq.
Sabir R.“Difai fədailəri”ndə diqqətimi çəkən məqamlardan biri yenə də Əhməd bəy barədədir. Bu bir neçə cümləni oxuduqca bunların həm də Sabir Rüstəmxanlının özü haqqında olduğunu düşünürsən: “Qəzetləri gözdən keçirə-keçirə Əhməd bəy siyasi mübarizə ilə maarifçiliyin bir-birinə möhtac olduğunu dərk edirdi. Dünyanın bu vaxtında yazı pozu adamının yaxasını kənara çəkərək “mən siyasətə qarışmıram” deməsi əslində, “mən millətimin gələcəyini düşünmürəm” demək idi”. Bununla bərabər əsər boyu Əhməd bəyi təqib edən millətçilik-dövlətçilik mübarizəsindən doğan çabalar, Azərbaycan ərazisində baş qaldırmış terror hadisələrinin yaşatdığı sıxıntı, bu bəlalardan xilas yolunun axtarışı Sabir Rüstəmxanlıya yaxşı tanış olan tale məsələsi, bəlkə də doğma gələn həyat tərzidir. Əlbəttə ki, müstəqilliyimizin bərpası uğrunda gedən proseslərin, meydan hərakatlarının, milli azadlıq mücadilələrinin ən fəal iştirakçılarından biri də məhz Sabir bəy idi. O, bu günə qədər də ölkənin taleyüklü məsələlərindən heç vaxt kənarda qalmayıb və istər partiya rəhbəri, istər Xalq şairi, istərsə də Millət vəkili olaraq hər zaman sözünü deyib, məsələlərə öz ziyalı mövqeyini sərgiləyib.
Sabir RüstəmxanlıƏsərdə Sabir bəyin bədii ifadələrdən, uğurlu bənzətmələrdən ustalıqla istifadə etməsi ayrıca bir yazı materialıdır. Hər bir bölməsi özlüyündə bir əsər olan kitabda bu cür təşbehlər yetərincədir. Burada isə, onlardan bir neçəsini nümunə gətirməklə kifayətlənsək daha uyğun olar: “…qürbətdə çalışıb-oxuyub, sünbül kimi dən bağlayıb vətənə dopdolu qayıtmasının bir səbəbi də öz üstünlüyünü (söhbət Əhməd bəydən gedir – E.C.) sübut eləmək,.. olmuşdur.” (s.13), “Bürclər dağ başında bir muğamat ziliydi” (s.91), “…bu yalanlar neft çayları kimi dünyanın üzünü qaralda-qaralda gedirdi”. (s.137). “…burulğan yerdəki yarpaqları aldı xortumuna…” (s.214), “…onu (Cəmili – E.C.) asqırmaq tutmuşdu. Qızlar güllə səsinə sıçrayan ceyran kimi yerlərindən atıldılar” (s.216), “Sonra yır-yığış bitdi, alaçıqların keçəsini heyvan dərisi kimi boğazından çıxartdılar…” (s.224) və s.
Ədiblərimizi, qiymətli yazarlarımızı düşünəndə yazıçıların sözü düşüncə qazanında ürək yağıyla, könül suyuyla bişiridikləri qənaətinə gəlirəm. Yazıçı olmaq əgər bir arzudursa, o, həyatdakı sonsuz suallara gücün çatdığı qədər cavab vermək istəyindən doğanda möhtəşəm olur. Əlbəttə, bu ifadələr Sabir Rüstəmxanlıya və onun yaradıcılıq dünyasına çox yaraşır. O, təvazökar, çalışqan, yorulmaz, müşkül sualların cavabını, bağlı qapıların açarını axtaran şair-yazıçı və dəyərli ziyalımızdır.
2014-cü ildə keçirdiyimiz “Borçalı Türklərinin Elat mədəniyyəti günü”ndə Sabir bəyi səhər tezdən Armudlu yaylağında gördükdə ürəyim dağa döndü, sevincimi gizlədə bilməyib ona yaxınlaşdım və, – Sabir bəy, Sizi Borçalıda görməyin nə qədər xoş olduğunu təsəvvür edə bilməzsiniz, – dedikdən sonra, bir-birimizi bağrımıza basdıq. Bütün bunları deməklə Sabir bəyi təkcə bir ədib kimi deyil, həm də Allahın seçilmiş, sevimli bəndələrindən, nümunəvi insan olduğu üçün ona olan sevgilərimi ifadə etmək istədim.
İnterpress.az