Onu 1889-cu ildə adlı-sanlı sahibkarlardan olmuş Hacı Zülfüqar Ağanın kürəkəni Mirələkbər ağa Nəcəfi-Əşrəf Dini Elmlər Hövzəsində 14 illik ali dini təhsilini başa vurub Bakıya dönməsi şərəfinə tikdirib.
Məscid 1927-ci ilədək inanclıların ixtiyarında olub. Həmin ildə məscid kimi fəaliyyəti dayandırılıb və “Azdrama”nın balansına anbar kimi istifadə olunmağa verilib.
Elə məscidin yaxınlığında – indiki Mustafa Sübhi keçəsində yaşayan sahibi Mirələkbər ağa isə uzun müddət təqib olunub.
Sonucda, əmlaklarını hökumətə verərək Maştağadakı ata evinə köçüb. Bununla da dinclik tapmayıb. Dövlət Təhlükəsizlik Xidmətinin uzunmüddətli təqiblərindən sonra həbs olunub, 1937-ci il martın 26-da güllələnib.
Nəvəsi Pərviz Rüstəmov AzadlıqRadiosuna danışır ki, Sovet hakimiyyəti dağılandan sonra məscidin fəaliyyətinin bərpasına çalışıblar:
“Düzdür, məscidi “Azdrama”nın balansından çıxardılar. Ancaq başımızın altına yastıq qoya-qoya bir də xəbər tutduq ki, “Yuğ” teatrına veriblər. O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu dedi, “binanı Mədəniyyət Fondu təmir edib, gətirin, çəkdiyimiz xərci ödəyin, binanı qaytaraq”. Elə məbləğ istədi ki, bizim ona gücümüz çatmadı. Binanın bütün sənədləri, “kupça”sı – hamısı bizdədir”.
İnterpress.az
____________________________________________________