Amnistiya aktı bu günə qədər barəsində hökm çıxarılmayan məhbuslara da şamil olunacaqmı?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az saytına deyib ki, iyun ayının 15-nə qədər barəsində hökm çıxarılmış və amnistiya aktının təsiri altına düşən şəxslər azad olunmağa başlayacaq:
“Qanunda amnistiya aktının müddəti 4 ay nəzərdə tutulub. Yəni amnistiya aktının təsiri altına düşən insanlar 4 ay müddətinə hissə-hissə azadlığa buraxıla bilər. Amma praktika göstərir ki, 4 aylıq müddət gözlənilmir və 1 ay müddətinə proses başa çatdırılır. Bu da Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin birgə, çevik işinin nəticəsi kimi reallaşır. Ümid edirik ki, elə bu dəfə də amnistiya aktının təsiri altına düşən insanların böyük hissəsi qısa zamanda azadlıqda olacaq”.
Ç.Qənizadə amnistiya aktının təsirinə düşən insanların sənədləşmə işlərinə artıq start verildiyini bildirib:
“Milli Məclis bu qanunu qəbul edib və amnistiya aktı iyunun 15-dən qüvvəyə minir. Təbii ki, bu müddətdə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət birgə olaraq kimlərin amnistiya aktının təsirinə düşəcəyinə dair sənədləşmə işlərini həyata keçirir. Hazırda bu işlərə başlanıb. Ümid edirik ki, iyunun 15-dən tez olaraq Penitensiar Xidmət həm azadlıqdan məhrum edilmiş, həm cərimə və islah işlərinə təhkim olunmuşlardan amnistiyaya düşənlərin siyasini tərtib edəcək, sənədlərini hazırlayacaq və iyunun 15-dən başlayaraq amnistiya aktının icrası başlanacaq”.
Hüquqşünas deputat barələrində hələ də hökm çıxarılmayan şəxslərin də amnistiya aktının təsirinə düşəcəyini deyib:
“Bir qurum məhkumlar var ki, onlar barəsində hökm çıxmayıb, yaxın günlərdə çıxacaq. Amnistiya aktının Milli Məclis tərəfindən qəbul edilməsilə icrasının başlanması arasındakı müddətdə də müəyyən sayda insanlar var ki, barələrində hökm çıxarılacaq, onların da sənədləri hazırlandıqca, azadlığa buraxılacaqlar.
Bütün bu prosesin ilk 1 ayda başa çatacağına əminəm.
Hörmətli Mehriban Əliyevanın da çıxışının əsas qayəsi bu idi ki, ilk dəfə cinayət törətmiş şəxslərin bir hissəsini bağışlamaq lazımdır. Amnistiya aktı humanist addımdır. Təbii ki, ağır və xüsusilə ağır cinayət törədənlər amnistiya aktına düşməyəcək”.
İnterpress.az