O, məşhur ölüm ayağında prezidentdən kömək istədi-FOTObackend

O, məşhur ölüm ayağında prezidentdən kömək istədi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlara ilk dəfə mart ayının 1-i getmişdim. Məqsəd 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkən, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azərə baş çəkmək, səhhətində yaranmış problemləri işıqlandırmaq idi.

Onun ayağında fil xəstəliyi – kəskin şiş var və günü-gündən ayağı şişir. Həmçinin bədənində sürətli piylənmə gedir, qaraciyərində yaranan problemlər isə digər xəstəliklərinin müalicəsini çətinləşdirir. 6 aydır ki, yatağından qalxa bilməyən, iki azyazlı uşaq atası olan aşığın müalicəsi isə İsraildə 60 min dollara başa gəlir.
Mətbuatda aşığın durumu haqda dəfələrlə yazılar dərc olunsa da, ona yardım edənlərin sayı çox az olub. Özü də bildirir ki, yardım kampaniyası 2 aydır ki, başlayıb, lakin az miqdar pul yığılıb. O pullar isə hazırda həyatda qalması üçün xərclənir.

– Ötən ay müayinə üçün Türkiyədə oldunuz. Həkimlər hansı qənaətə gəldilər?

– Türkiyəyə müayinəyə getmişdim, bir neçə xəstəxanada oldum. Onlar birmənalı şəkildə dedilər ki, qaraciyər dəyişməlidir. Səhhətimin hər gün daha da pisləşməsinə səbəb həm ayağımda olan fil xəstəliyi, həm də qaraciyərimdəki problemdir. Hər ikisinin müalicəsi birlikdə olmalıdır, ayağıma görə qəbul etdiyim dərmanlar qaraciyərimə mənfi təsir göstərir. Bütövlükdə müalicə aparılmalıdır. Bu isə Azərbaycanda mümkün deyil, İsraildə müalicə isə 60 min dollara başa gəlir. 6 aydır ki, həyatda qalmaq, daha da pisləşməmək üçün müalicə olunuram. Səhhətim tez-tez pisləşir, ağrılarım olur. Bir saat ərzində səhhətim 2-3 dəfə dəyişir. Sağlamlığımla bağlı problem psixoloji olaraq da mənə pis təsir göstərir. İctimai insan olmuşam, daima cəmiyyət arasında görünmüşəm, el şənliyində çıxış etmişəm. İndi isə yatağa məhkumam. Havalar da yaxşılaşır, mən isə evdən çıxa bilmirəm, yatağımdan baxa-baxa qalıram. Bəzən düşünürəm ki, görəsən, nə vaxtsa, mən də ayağa qalxa biləcəyəmmi. Hələ ki ümidimi itirməmişəm. Allahın verdiyi ömür nə qədərdirsə, yaşayacağam. Mənə təsir edən odur ki, sağalmaq şansım ola-ola xəstəliyə məhkum olmuşam. Əlimdən isə heç nə gəlmir.

– Millət vəkili Qənirə Paşayeva bildirmişdi ki, sizin durumunuzla bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlikdən nə cavab verdilər?

– Qənirə xanımla tez-tez əlaqə saxlayıram. Sağ olsun, özü də mənimlə maraqlanır, müxtəlif qurumlara, şəxslərə müraciət edir. Hələ bir kömək edən yoxdur. Səhiyyə Nazirliyindən bir cavab gəlmədi.

O, məşhur ölüm ayağında prezidentdən kömək istədi-FOTO

– Ötən dəfə müsahibə zamanı bildirdiniz ki, ictimai insan olsanız da az insan sizinlə maraqlanır. Hazırda sizə olan münasibət necədir?

– Mənimlə çox az adam maraqlanır, bəzən düşünürəm ki, bəlkə heç mən olmamışam, həyatda aşıq Azər yoxdur, niyə insanlar mənə qarşı biganədir? Başa düşürəm, hazırda insanların maddi durumu yaxşı deyil, lakin bu ölkədə kifayət qədər imkanlı şəxslər də var.
Atamın və özümün dostlarım var ki, hər gün zəng edirlər, lakin onların mənə kömək edəcək pulu yoxdur. Bəlkə də, insanlar düşünür ki, qaraciyərin dəyişməsi asan prosesdir, amma unudurlar ki, mən bir neçə xəstəlikdən əziyyət çəkirəm və bütün bunlar üçün böyük məbləğ lazımdır.

– Müsahibədən öncə söhbətimiz zamanı prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyinizi dediniz.

– Cənab prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayacağam. Sizin vasitənizlə bir daha ölkə rəhbərliyinə səslənirəm, xahiş edirəm ki, məni xəstəlikdən xilas etsinlər. Ümidim yalnız onlaradır. Azad olmaq, səhnəyə qayıdıb yaradıcılığımı davam etdirmək, övladlarımı böyütmək istəyirəm. Pənah yerim o insanlardır, daha öncə də xəstəlikdən əziyyət çəkən bir çox sənətçiyə, sadə vətəndaşa yardım ediblər. Allah hamısının canını sağ eləsin. Ölkə rəhbərliyindən xahiş edirəm ki, məni balalarımdan, sənətimdən ayrı düşməyə qoymasın. Hazırda dodaqlarım göyərib və qanayır, iki ayağım şişib. Yerimdən tərpənə bilmirəm. daim hərəkətdə olmuş insanam. İndi isə cismi ağrılarımın üzərinə fiziki ağrılarda əlavə olunub.

– 6 aydır ki, yataqdasınız, iki azyaşlı övladınız var. Bu durumunuz onlara necə təsir edir?

– Uşaqlarım balacadır, oğlum başa düşmür, qızım isə xəstə olduğumu bilir. Mən hər zaman el şənliklərində, insan içində olmuşam. Evə gec gəlirdim, ya da səfərdə olurdum. Övladlarım məni evdə az-az görürdülər. İndi isə yataqdan qalxa bilmirəm. Bu durumum ailəmdən, sevənlərimdən çox qızıma pis təsir edir. Uşaq olsa da, mənə təsəlli verir, “Ata, tezliklə sağalacaqsan” deyir. Üzdə göstərməsə də, nə qədər kədərləndiyini görürəm. Anama hər gün sual verir ki, atam nə zaman sağalacaq? Bəzən isə gizli ağlayır.
Azyaşlı uşaqlarımı böyütmək, onlara gözəl gələcək qurmaq istəyirəm. Səhhətim isə buna imkan vermir.

– Bildiyim qədəri ilə evinizi satışa çıxarmısınız, lakin alıcı yoxdur. Evinizin qiyməti müalicə pulunu ödəyir?

– Bu evdə ailəm və anamla yaşayıram, böyük olmadığını da görürsünüz. Düzdür, satışa çıxarmışam, lakin alıcı yoxdur. İnsanların maddi durumu bəllidir, evlərin qiyməti də düşüb. Evin qiyməti müalicəmi ödəyir, lakin ondan sonrakı prosesdə yenə də maddi köməyə ehtiyacım olacaq. Evi satsaq, kirayədə yaşamağa məcbur olacağıq. Təsəvvür edin, əməliyyatdan sonra yenidən müayinə , eyni zamanda kirayə, dolanışıq pulu lazım olacaq. Yaşamağım üçün evi satmağa məcburam. Ad çəkmədən bir hadisə danışacağam, azərbaycanlı həkimlərdən biri mənə dedi ki, bu ağrılara niyə dözürsən? Texnologiya inkişaf edib, ayağını kəsdir, işinə yarayacaq protez ayaq taxdır. Bu sözlər məni şoka salmışdı, insan həyatı bu qədər ucuzdurmu? Hazırda tək ümid yerim, prezidentimiz və birinci xanımdır. Mənə yalnız onlar kömək edə bilərlər.

– Evə gəlir gətirən yeganə şəxs siz idiniz. Hazırda çalışa bilmirsiniz, necə dolanırsınız?

– Evdə yeganə çalışan şəxs mən idim. 6 aydır ki, yataqdayam. Hazırda başladılan yardım kampaniyasından toplanan pullarla müayinəm davam etdirilir və ailəm dolanır. Sağ olsun ki, yaxşı dostlar, xeyirxah insanlar mənə cüzi yardım edir. Ailəmi dolandırıram. Gələcəkdə necə olacağını isə bir Allah bilir.

Aşığı növbəti görüşümüzdə ayaq üstə və sağlam görmək diləyi ilə onunla xudafizləşirik. (musavat)
Qeyd edək ki, Aşıq Azər müsahibədən sonra Bank Respublikada hesab nömrəsi açdırıb. Aşığa yardım etmək istəyən şəxslər üçün həmin nömrəni təqdim edirik:

Bank Respublika kod – 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi – 14040620

Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdə ödəniş etmək mümkündür.

İnterpress.az