Respublikanın hər bir yanında gedən quruculuq işləri birmənalı şəkildə təqdirəlayiqdir. Hətta uzun illər girişinə qadağa qoyulan “Göygöl” qoruğunun 2015-ci ildən etibarən vətəndaşların ixtiyarına verilməsi bu yolda atılan uğurlu addım kimi alıqışlandı.
Əlbəttə, əraziyə gələn vətəndaşların ətrafı zibilliyə çevirməsi ayrıca mövzunun müzakirə predmetidir…
Bu gün söhbət açmaq istədiyimiz məsələ Göygöl rayonundan “Göygöl” qoruğuna gedən yolun bərbad vəziyyətdə olmasıdır. Əgər biz turist cəlb etmək, bu sahədən ölkə büdcəsinə xeyir vermək istəyiriksə, qoruğa gedən yolun bərbad durumda olmasına necə göz yuma bilirik?
Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Bayramova Modern.az saytına məsələnin onların səlahiyyətində olmadığını bildirdi:
“İcra Hakimiyyəti yol təmiri və tikintisilə məşğul olan orqan deyil”.
Elə bu səbəbdən də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfliyə müraciət etdik. Qurum rəsmisi də Modern.az saytına həmin yolun “Azəravtoyol”un balansında olmadığını bildirdi: “Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda həmin yol yoxdur”.
Bu açıqlamadan sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın münasibətini öyrəndik. İ.İbrahimova Modern.az saytına açıqlamasında nazirliyin yalnız qoruğun ərazisinə cavabdeh olduğunu qeyd etdi: “Biz “Göygöl” qoruğunun ərazisinə cavabdehik. Ətrafındakı yolun təmiri bizim səlahiyyətimizdə deyil”.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
2008-ci ildə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 ha ərazidə Göygöl Milli Parkı yaradılıb. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir.
[b]Göygöl kimi nadir məkanın füsünkarlığına xələl gətirən yol problemini bir sözlə biabırçılıq adlandırmaq olar. Xarici turistlər yanında bizə başucalığı gətirməyən biabırçılıq./b]