Erməni vandalizmi nəticəsində Tərtər, Fizuli, Ağdam, Goranboy rayonlarında yüzlərlə ev tamamilə yararsız vəziyyətə düşüb, dağıdılıb.
Ermənilərin təkcə Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.
Evinə zərər dəyənlərin içərisində oğlunun erməni girovluğunda olmasından xəbərsiz, onun hələ də Rusiyada işlədiyini düşünən Şahbaz Quliyevin anası Sənəm Quliyevanın olması barədə xəbər vermişdik.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, Sənəm Quliyevanın evi artıq bərpa olunub. O, evin Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən təmir edildiyini bildirib:
“Evin darvazası, pəncərələri, dam örtüyü zərər görmüşdü ki, o da bərpa olunub. Evin zərər görən qalan hissələri üçün də Agentliyin əməkdaşları tərəfindən nə lazımdırsa ediləcək”.
Məlumat üçün bildirək ki, S.Quliyeva Tərtər rayonun Qapanlı kənd sakinidir.
2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov öldürülüb.
Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
İnterpress.az