Səbail rayon Məhkəməsində reportyor Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, \”Qəbələ\” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C.Hüseynov son sözlə çıxış edərək özünü hadisədə günahsız hesab etdiyini bildirib.
“Məhkəmə zamanı təqsirim sübut olunmadı. Baş verən cinayəti gizlətməyə heç bir təşəbbüs göstərməmişəm. Nə içki içənəm, nə nəşə çəkənəm. 16 ildir professional futbol oynayıram, jurnalistlərlə münasibətim həmişə normal olub. Mən idmançı kimi bayraq qaldırmışam. Atam şəhid olub.
Heç kimdən bu günə qədər kömək istəməmişik. Mən həbsdəyəm, iki uşağım əziyyət çəkir\”. Məhkəmənin növbəti prosesi mayın 30-a təyin olunub. Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
\”Qəbələ\” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İnterpress.az