Jurnalist Qənimət Zahidin həbs olunan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işi üzrə məhkəmə prosesi davam edir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır.
Dünənki məhkəmə iclasında Rüfət Zahidovun həbsində iştirak edən polislərdən biri – Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkili Qasım Hüseynov dindirilib. O, iddia edib ki, keçən il iyulun 20-də Rüfət Zahidovu kafedən çıxarkən saxlayıb idarəyə gətiriblər. İdarədə hal şahidlərinin iştirakı ilə Rüfət Zahidovun üzərindən və şirkətə məxsus onun idarə etdiyi maşından bükülü tapıblar. Polisin sözlərinə görə, Rüfət deyib ki, bükülüdə heroindir və onu Yasamal bazarından alıb.
Bu zaman Rüfət Zahidovun zalda olan anası şahidin yalan danışdığını bildirib: “Yalansa, Allah sənə lənət eləsin. Ondansa bazarı dağıdaydınız da…”.
Dindirmə zamanı polis əməkdaşının vəkil Bəhruz Bayramovun sualına “Əşşi, mən burada imtahan verməyə gəlməmişəm” cavabı müdafiəçini əsəbiləşdirib: “Əşşi sən özünsən”.
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov vəkilə irad bildirib: “Mübahisə açmayın”.
Hakimin bu cür münasibəti vəkili daha da əsəbiləşdirib:
– Bu adam mənə “əşşi” deyir. Keçən məhkəmə iclasında da həmkarımı təhqir edib. Yaxşı ki, mən olmamışam onda, yoxsa cavabını verərdim. Mən ona “siz” deyə müraciət edirəm, o da mənə “əşşi” deyir. Mən onun üçün küçə adamı deyiləm!
Şahid polis:
– Mən burada durub maddə saymalıyam?
– Suallara cavab verməlisən.
“Polisin barəsində xüsusi qərardad çıxarılmalıdır”
Rövşən Zahidovun vəkili Tahir Xanəliyev Qasım Hüseynovun barəsində xüsusi qərardan çıxarılması haqda vəsatət qaldırıb: “Bu şahid keçən proses gəlməmişdi, təxirə salındı, ondan əvvəlki prosesdə məni təhqir edirdi. Məhkəmənin həyətində – konvoylar olan yerdə mənə ağzına gələni deyirdi. Bu insan vəkilə təzyiq göstərib. Öz vəzifə funksiyasını yerinə yetirən vəkilə təzyiq göstərməklə, hədə-qorxu gəlməklə maneçilik yaradıb. Xahiş edirəm, barəsində xüsusi qərardad çıxarasınız”.
Hakim isə bildirib ki, həmin hadisə məhkəmə zalından kənarda baş verdiyi üçün bununla bağlı xüsusi qərardad çıxarıla bilməz.
Məhkəmə prosesi iyunun 3-də davam edəcək.
Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb. (azadlıq)
İnterpress.az