Bu barədə məlumatı jurnalistin vəkili Fariz Namazlı verib. Bildirib ki, bu gün Ali Məhkəmədə keçirilən proses zamanı Xədicə İsmayıl şərti azadlığa buraxılıb.
Jurnalistə ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Xədicə İsmayıl özü məhkəmədə iştirak etməyib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.
İnterpress.az