Sərkisyan prezidentlərin iyun görüşünü poza bilərbackend

Sərkisyan prezidentlərin iyun görüşünü poza bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ danışıqları ilə bağlı ümidlər indi də iyun ayına köklənib. Belə bir kövrək ümidi isə təbii ki, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçirilən görüşü formalaşdırıb.

Məlumdur ki, Vyana görüşünün əsas təşəbbüsçüsü ABŞ olub. Müşahidələr göstərir ki, ümumiyyətlə, apreldəki 4 günlük müharibədən sonra rəsmi Vaşinqtonun Dağlıq Qarabağ ixtilafı ilə bağlı hərəkətliliyi artıb. Belə ehtimal var ki, Amerika problemin artıq tamamən Rusiyanın inhisarında qalmasını istəmir.

Bu xüsusda qarşıdakı dönəmdə Vaşinqtonun konfliktin həllini dalandan çıxarmağa yönəlik yeni təşəbbüslərinin şahidi də ola bilərik – bu cür təşəbbüslər Rusiyada müəyyən qısqanclıq və qıcıq yaratsa da. ABŞ dövlət katibi Con Kerrinin 28 May Cümhuriyyət Günü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda Amerikanın “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiq qalacağının” xüsusi vurğulanması bu qənaəti möhkəmləndirir.

“Biz iyunda prezidentlərin görüşünün baş tutacağına ümid edirik”. Bu barədə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir. “Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır”.

 Sərkisyan prezidentlərin iyun görüşünü poza bilər

Bəs belə bir zəmini qısa zamanda hazırlamaq mümkün olacaqmı?

Tanınmış ekspertlərin bu xüsusda proqnozları elə də ümidverici deyil. Məsələn, rusiyalı politoloq Qriqori Trofimçuka görə, prezidentlərin iyun görüşü reallaşmaya da bilər, heç bir nəticə gözlənilmədiyi üçün sadəcə, baş tuta da. Onun sözlərinə görə, görüşün nəticə verməsi üçün indidən hazırlaşmaq lazımdır: “İlk növbədə də Azərbaycan hazırlaşmalıdır. Ona görə ki, Ermənistan danışıqlarda heç nəyi həll eləmək istəmir – xüsusən də aprel döyüşlərindən sonra. Əgər Sərkisyan əvvəl qəbul edilmiş protokollar çərçivəsində təzyiq altında və ya təzyiqsiz hansısa addımı atsa, o zaman ölkə daxilində çox böyük problemlə üzləşəcək. O saat müxalifət başını qaldıracaq, hansı ki, Sərkisyanı indinin özündə torpaqları təhvil verməkdə ittiham edir”.

 Sərkisyan prezidentlərin iyun görüşünü poza bilər

Politoloq bu üzdən növbəti danışıqlar çərçivəsində hansısa yekun sənədin təsdiqlənəcəyinə skeptik baxır. “Buna necə nail olunacaq, qətiyyən aydın deyil. Bir ay sonra heç olmasa hansısa nəticənin əldə edilməsi və ya imzalanması üçün Vyanada hansısa bəndlər razılaşdırılmalı idi. İstənilən halda bu, formal bir görüş olacaq. Ən yaxşı halda o, sadəcə, baş tutacaq. Son iki on illikdə olduğu kimi, hər şey gedib formata, danışıq prosesinə, qarşılıqlı əlaqə prosesinə, görüşlərə dirənir. Yekun etibarilə bütün tərəflər, bütün regional iştirakçılar – Azərbaycan, Ermənistan və təbii ki, Rusiya çox mürəkkəb vəziyyətə düşür, ABŞ-dan savayı” – ekspert hesab edir.

Rusiyalı politoloqun fikrincə, əslində ABŞ-da heç kim Azərbaycan üçün işləməyəcək: “Heç kim heç bir ərazini Azərbaycanın əvəzinə geri qaytarmağa hazırlaşmır. Buna ümid eləmək sadəlövhlük olardı. Bununla belə, Azərbaycan Vyanada ciddi addım atdı – o, görüşdə ABŞ Dövlət Departamentinin başçısı Con Kerronin iştirakına razılıq verdi. Bununla da sanki Rusiyaya işarə vurdu ki, lazımi anda Amerikaya kömək üçün müraciət edəcək. Anlamaq lazımdır ki, departament belə bir köməyi hətta vəd edəcək, sonra isə özünü elə aparacaq ki, guya Bakıya kömək edir. Ancaq bu, yalınız imitasiya olacaq. Və əgər İrəvan da Vaşinqton və Brüsselin (Avropa Birliyinin – red.) xeyrinə addımlar atmasa, o zaman Ermənistan daxilində, müxalifət vasitəsilə Sərkisyana təzyiq göstəriləcək. Bütövlükdə quru vədlər səslənəcək. Amerika nadir istisnalarla heç vaxt heç bir torpağı qaytarmaqda heç kimə kömək eləmir. Yalnız Şərqi Almaniya istisna olub. Burada da eyni şey olacaq. Xoşməramlı motiv altında isə NATO-nun Cənubi Qafqazda hərbi mövcudluğu gücləndiriləcək”.

 Sərkisyan prezidentlərin iyun görüşünü poza bilər

Bu arada rəsmi Bakı iyun görüşü ərəfəsi Qarabağla bağlı danışıqların əsas prinsiplərini açıqlayıb. Azərbaycanın yanaşması belədir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas hissəsi status-kvonun dəyişilməsindən ibarətdir. Bu barədə RİA Novosti agentliyinə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bəyan edib.

“Vyana görüşündən sonra Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, görüş münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu gün əsas məsələ iyun ayında münaqişənin həlli üçün hərtərəfli danışıqlara başlamaqdır. Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir” – H.Hacıyev qeyd edib.

 Sərkisyan prezidentlərin iyun görüşünü poza bilər

Beləliklə, bir daha aydın olur ki, Ermənistan işğal elədiyi əraziləri boşaltmağa başlamayınca heç bir sülh danışığı heç vaxt nəticə verməyəcək. Yəni problemin həllini irəli aparmaq üçün açar məsələ işğal faktıdır. Bu fakta münasibət köklü şəkildə Azərbaycanın xeyrinə dəyişməyincə, bütün sülh təşəbbüsləri, o cümlədən prezidentlərin görüşləri hər hansı nəticə verə bilməz. Necə ki, indiyədək verməyib. Vaxt isə gözləmir. Müharibə qapıdadır.

Əgər gerçəkdən də Rusiya ABŞ, Avropa Birliyi böyük müharibə istəmirsə, – məntiq deyir ki, istəmir, – o zaman son xəbərdarlıq mesajı olan 4 günlük müharibədən nə qədər gec deyil, düzgün nəticə çıxarılmalıdır. Təcavüzkarı cilovlamağın, ona öz sərhədləri daxilinə çəkilməyin qaçılmazılığını bəyan etməyin zamanı çatıb. (musavat)

İnterpress.az