Sabiq nazir əlindəki kompromatlardan istifadə etməklə özünü qoruyur – iddia
Deputat Zahid Orucun Eldar Mahmudovla bağlı ötən həftə dediyi fikirlər maraqla qarşılanıb. Onun dediklərindən belə anlaşılır ki, bu gün də Eldar Mahmudov təhlükəsi qalır. Sabiq nazir əlindəki kompromatlardan istifadə etməklə özünü qoruya bilir.
Z.Orucun modern.az-a açıqlamasından sitat: “Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünümüdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.
Deputatın bu fikirləri, xüsusilə E.Mahmudovun şifrəli mesajlarla özünü qoruya bilməsi diqqəti cəlb edir, maraqlı suallar yaradır. Məsələn, sabiq milli təhlükəsizlik naziri şifrəli mesajlarını hara, necə və kimlərin vasitəsilə yerləşdirə bilər? 11 il strateji bir posta rəhbərlik etmiş şəxs “vurularaq” ev dustağı edilib və ciddi nəzarət altında saxlanıldığı bir vaxtda şifrəli mesajları necə ötürə biləcəyi gerçəkdən maraq doğurur. Üstəlik, Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra çevrəsi işdən çıxarılaraq həbs olunub, inzibati resurslar əlindən alınıb. Eldar Mahmudovun durumunda olan şəxs hansı yollardan istifadə edə bilər?
Məlumdur ki, MTN çetesinin nəzarətində kifayət qədər kütləvi informasiya vasitələri olub. Bu haqda çox ciddi iddialar var. Bu gün də MTN çetesinə daxil olan media şəbəkəsinin fəaliyyətdə olmasına dair məlumatlar var. E.Mahmudov hələ də sıradan çıxarılmayan həmin saytlar vasitəsilə mesajlarını çatdıra bilər. Məşhur seriallarda da bu tip şifrəli informasiyaların ötürülməsi haqda maraqlı epizodlar var. Xüsusilə din, kültür, məişət və s. baxımından Azərbaycana yaxın olan Türkiyə filmlərində də belə epizodlar yer alır.
Məsələn, qəzetlərin ulduz falında dolça bürcünə aid proqnozda gedən məlumat həmin informasiyanı gözləyən dairəni hərəkətə gətirir. Müəyyən məlumatların yayılması üçün siqnal rolunu oynayır.
Mətbuatdakı iş elanlarının da sifrəli mesajların obyektinə çevrilməsi səhnələri də seriallarda diqqəti cəlb edir. Ev oğruları, insan alverçiləri də şifrəli mesajlarını qəzetlərdə elan şəklində yerləşdirə bilirlər.
Şifrəli mesajların facebook, odnoklassniki, vatsapp, tvitter kimi sosial xəbərləşmə şəbəkələri üzərindən də ötürülməsi mümkündür.
Bu gün Eldar Mahmudovun belə vasitələrə çıxışı haqda konkret nəsə demək üçün məlumatlara malik deyilik. Amma “vurulmuş” kadr olaraq E.Mahmudovun revanş hissi ilə yaşaması şübhəsizdir. Onun sıradan çıxarılmasında rolu olanlardan əvəz çıxmaq, intiqam almaq arzusunun olması da təbiidir. Bu baxımdan Eldar Mahmudovun bağlı olduğu deyilən xarici qüvvələr vasitəsilə də şifrəli mesajlarını istədiyi ünvanlara çatdırmaqla özünü qoruya bilər.
Bir neçə ay öncə maliyyə naziri Samir Şərifov haqda sensasion sayıla biləcək iddialar ortaya çıxdı. SSRİ KQB-sinin I Baş İdarəsinin keçmiş zabiti, bir vaxtlar əfsanəvi sayılan sovet kəşfiyyatçısı, eks-mayor Yuri Şvetsin heç vaxt nəzər salmadığı, onun üçün uzaq və anlaşılmaz ölkə olan Azərbaycana yönələn müsahibə verdi. Ukrayna portallarından birinə verilmiş müsahibədə eks-kəşfiyyatçı Azərbaycanın maliyyə naziri Samir Şərifovu hədəf götürdü, onu 3 qat agent adlandırdı.
S.Şərifov Şvetsi niyə bu qədər maraqlandırıb? Keçmiş KQB zabitinin Azərbaycanın maliyyə nazirinin fəaliyyətinə diqqəti haradan qaynaqlanırdı?
Samir Şərifovla Eldar Mahmudovun qudası Cahangir Hacıyevin münasibətlərini nəzərə alanda Şvetsin “ilhamverici” qüvvəsinin kimliyi də ortaya çıxır. Bu məqam həm də deputat Zahid Orucun dediyi kimi, sabiq nazirin şifrəli mesajlarını ötürmək iqtidarında olduğunu da təsdiqləyir.
Əgər S.Şərifovla bağlı məlumatların Şvetsə yönləndirilməsində iddia olunduğu kimi, sabiq nazirin rolu varsa, deməli, Eldar Mahmudov Azərbaycanın siyasi elitasına daxil olan digər şəxslər barəsində də eyni addımları ata bilər. Vaxtilə xüsusi xidmət orqanlarında çalışmış və ya əməkdaşlıq etmiş şəxs hər vaxt Azərbaycanın adı çəkilməyən sayta və ya qəzetə müsahibə verməklə bütün Azərbaycan cəmiyyətini silkələyə biləcək məlumatları ictimailəşdirə bilər.
Bu baxımdan Z.Orucun E.Mahmudovun şifrəli mesajlarla özünü qorumasını vurğulamasını təsadüfi hesab etmək olmaz. Mümkündür ki, E.Mahmudov S.Şərifovla bağlı məlum müsahibəni təşkil etməklə “iki hədəfə 1 güllə” atıb. Həm S.Şərifovu həbsdəki C.Hacıyevə qarşı addımlardan çəkindirməyə çalışıb, digər tərəfdən isə əlində kompromatların olduğunu bir daha nümayiş etdirməklə özünü sığortalayıb.
(müsavat)
İnterpress.az