Onlar M.Kazımovu qətlə yetirən iş yoldaşı Ravil İbayevə verilmiş cəzanın yüngül olmasına etirazlarını bildiriblər:
“Ravil İbayev 2 övlad atası olan Muxtarı xüsusi amansızlıqla, özünün dediyinə görə, pulunu ələ keçirmək üçün öldürüb. Sonra isə aparıb yandırıb. Bu adam pula, öz tamahına görə belə bir ağır cinayətə əl atıb. Məhkəmə ona ömürlük həbs cəzası verməli idi. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 19 il cəza verdilər. Bakı Apelyasiya Məhkəməsi bu müddəti 20 ilə qaldırdı. Bu cəza onun törətdiyi əmələ adekvat deyil. Biz Muxtarın ailəsi olaraq cəzanın sərtləşdirilməsini istəyirik”.
M.Kazımovun ailə üzvləri deyirlər ki, Ravil İbayev həbsdə ola-ola kimə istəyirsə zəng edir, saxladığı qadınla tez-tez görüşür: “Bütün bunları gəlib bizə deyirlər. Bu adam hamıya deyir ki, məndən narahat olmayın, 2-3 ilə gələcəyəm. Burada yeyirəm, içirəm, idman edirəm”.
Kazımovlar R.İbayevin qətli tək törətmədiyi qənaətindədirlər: “Müstəntiq Kamran Məmmədov bizə istintaq çəkilişlərini göstərmir. Ravil deyir ki, 95 kiloqram çəkisi olan Muxtarı öldürüb, sandığa qoyub və sandığı tək götürüb liftə qoyub aşağı düşürüb, liftdən çıxarıb maşına yerləşdirib. Sonra da aparıb dəniz kənarına, sandığın üstünə benzin töküb yandırıb. İstintaq onun dediklərini yoxlamayıb? Yoxlama apararkən videosunu çəkməyib? Ravil özü tək 95 kiloqram çəkisi olan Muxtarı, çəkisi 10-15 kiloqram olan sandığa yerləşdiribsə, avtomatik 110 kiloqram çəki alınır. Bəs özünün 75 kiloqram çəkisi olan şəxs özündən ağır sandığı necə qaldırıb? Bizə həmin videonu göstərsinlər. Ravilə kömək edənlər olub. Özü deyir ki, hadisə bizim evdə baş verməyib, yaxınlıqdakı əmim qızının evində olub. Sonradan evdə qanı yerə sürtməklə hadisənin onun evində baş verməsi görüntüsünü yaradıblar. Biz ailə olaraq cinayətin hərtərəfli araşdırlmasını, Ravilə kömək edənlərin də cəzalandırılmasını tələb edirik”.
Yada salaq ki, Muxtar Kazımovla Ravil İbayev hər ikisi İmişli Rayon Polis Şöbəsinin əməkdaşları olub. Onlar Bakıya qiyabi təhsil aldıqları Polis Akademiyasında keçirilən imtahan sessiyasına gəliblər. Sessiya günlərində M.Kazımov Xətai rayonundakı özünə məxsus mənzildə, R.İbayev isə həmin rayonun ərazisində kirayələdiyi mənzildə yaşayıb.
“Qardaşım Xudu Məmmədov küçəsi ev 14 ünvanında ailəsi ilə yaşayırdı. 2011-ci il aprelin 17-də ailə qurmuşdu, 2015-ci il aprelin 17-də öldürüldü. Bir övladı var, biri də onun ölümündən sonra dünyaya gəlib. Biz onun uşaqlarına nə deyəcəyik?” – M.Kazımovun bacısı Əfsanə Məmmədli sual edir. Onun sözlərinə görə, R.İbayev bildiklərini gizlədir, cinayəti birgə törətdiyi şəxslərin adını çəkmir. Ə.Məmmədli baş prokuror Zakir Qaralova müraciət edərək iş üzrə obyektiv araşdırma aparılmasını və iş materialları ilə M.Kazımovun ailə üzvləri olaraq onların tanış olmalarına şərait yaradılmasını istəyib.(musavat)
İnterpress.az