Sağlamlıq imkanları məhdud gənclər peşə təliminə cəlb edilibbackend

Sağlamlıq imkanları məhdud gənclər peşə təliminə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 nəfər gənc ölkəmizdə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında könüllü kimi iştirak edəcək.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Interpress.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərin peşə reabilitasiyasının təmin edilməsində və məşğulluq imkanlarına malik olmalarında mühüm rol oynayır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabr ayında istifadəyə verilən mərkəzdə ötən müddətdə 800 nəfər, cari ildə isə 148 nəfər sağlamlıq imkanları məhdud gənc kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan kursları başa vuran gənclərə peşə sertifikatları verilib və yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər aparılıb. Hazırda isə mərkəzdə 104 nəfər peşə təlimindədir.
Gənclər mərkəzdə peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin olunmaqla yanaşı, onların sosial reabilitasiyası, cəmiyyətə fəal şəkildə inteqrasiyası istiqamətində də məqsədyönlü tədbirlər görülür. Belə tədbirlərdən biri kimi, mərkəzdə peşə təlimi keçən sağlamlıq imkanları məhdud gənclərin ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq idman yarışlarında könüllü kimi iştirak etmələrinə şərait yaradılır.
Ötən il mərkəzdə kursda olmuş 18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi uğurla iştirak edərək “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin sertifikatlarına layiq görülüblər. Bu günlərdə isə mərkəzdən 15 nəfər sağlamlıq imkanları məhdud gənc ölkəmizdə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında könüllü kimi iştirak etmək üçün seçilib. Hazırda həmin gənclər bu mötəbər tədbirdə də könüllü kimi özlərini uğurla doğrultmaq əzmindədirlər.

Gülşanə Mustafayeva
İnterpress.az