Problemlərilə bağlı aidiyyatı qurumlardan cavab ala bilməyən Elgiz Cəfərov çarəni mətbuatda görüb. Başına gələnləri Modern.az saytına danışan şikayətçi çarəsiz durumda olduğunu bildirir.
E.Cəfərov başına gələnlərlə bağlı bunları danışır:
“Çox çarəsiz durumdayam. Haqqımı kimdən alacağımı bilmirəm. Bir neçə il bundan əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi. Bakıda mənimlə işləyən işçi briqadasını yığıb 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.
Getdiyimiz gün Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud İsmayılovla (sonradan məlum oldu ki icra başçısının bacanağıdır) şifahi razılaşdıq. Mahmud İsmayılov elə həmin gündən görüləcək işlərin tapşırığını verdi, şəhərin yol kənarı hasarlarının, mağaza və dükanların, idarə binalarının üz fasad daşlarının yenilənməsi işlərini bizə verdilər.
İşin qiymətini də danışıb, razılaşdıq və bizi tənbehlədi ki, “burda kimdənsə pul istəməyəcəksiz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verərsiniz və pulunu da məndən tələb edərsiniz””.
Beləcə E.Cəfərov və özündən başqa 43 nəfər işə başlayır. İlk günlərdə hər şey normal olsa da, sonra vəziyyət dəyişir
“İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca, pullarda da ləngimələr oldu.
Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qaldığına dair siyahını götürüb icra başçısı Vidadi İsayevin qəbuluna getdim və 5300 manat alacaqlı oduğumuz siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi ki, “narahat olma Mahmud müəllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin”.
Başçı ilə birlikdə şəhər parkına getdik. Orda zəng edib Mahmud müəllimi çağırtdırdı, mən bir az kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə başçının “qoçular”ı qarşımı kəsdi və ona yaxınlaşmağa qoymadılar. Mən də dedim ki, başçı özü çağırıb ki, pulumu alsın versin.
Mənə sərt şəkildə “əgər burdan uzaqlaşmasan, səni içəri soxduracam, alacağın pulun üstünə də 5300 manat qoyub polisdən özünü qurtarasan, çıx get” dedilər”.
Əlacsız qalan, həm də təhdid edilən E.Cəfərov ərazidən uzaqlaşmaq məcburiyyətində qalır:
“Mən də oradan uzaqlaşdım, sabahı gün başçının müavini Vidadi İmanquluyevi tapdım, o puldan cəmi 800 manat mənə verdi və Bərdəni tərk etməyimi istədi. Əks halda məni tutduracaqların bildirdi. Oradan uzaqlaşdım, ustalar haqların tələb etməyə başladılar, mən də məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara ödədim.
Ustaları Bərdəyə mən apardığım üçün cavabdeh də məni bildilər. O gündən sonra Bərdədən uzaqlaşdım və gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini müəyyən vaxta qədər qaytara bildim, əsas məbləğ olan 6000 dollar qalırdı”.
Hadisələr baş verən vaxt dolların məzənnəsi 0,78 manat olduğu dövrə təsdüf edir. Manat devalvasiyaya uğrayanda E.Cəfərovun da qara günləri başlayır. 6 min dollar borc devalvasiyadan sonra 8 min dollara çatır. Krediti ödəmək isə müşkülə çevrilir…
“Faizi dollarla götürmüşdüm, o vaxt da dolların kursu 0,78 idi, sonralar bəzi ayların ödənişini edə bilmədim, pul qalxıb 8000 dollar oldu, mən də məcburən keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım. Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başcısının qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa-qorxa gedib-gəlirdim.
Axır məcbur olub dərdimi rayonumuzun millət vəkili olan Zahid Oruca danışdım. Sağ olsun. Məni dinlədi, əlindən gələni edəcəyini bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin fevral ayının 10-da Bərdədə İcra Hakimiyyəti binasına girmək, başçıyla görüşmək mənə qismət oldu.
Zahid müəllimin şahidliyi ilə icra başçısıyla görüşdük, hər şeyi olduğu kimi təkrarladım, Vidadi İsayevin verdiyi cavab o oldu ki, “bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə, pulunuzu alın”.
Qayıdıb gəldik Bakıya. Zahid müəllim zəng etdi başçının bacanağı olan Mahmuda, mənimlə görüşüb problemimi dinləməyini istədi. Mahmud müəllim mənə zəng etdi və biz Bakıda parkların birində görüşdük. Mən ondan haqqımı tələb etdim. O da biz işlədiyimiz obyektlərdən pulu ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyini bildirdi. Qeyd etdi ki, əslində o işlərin pulu dövlət büdcəsindən ayrılsa da, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin ödəyəcəyini bildirib. Daha sonra da o idarə müdirlərini işdən qovub, yerinə öz qohumlarını qoyduğu üçün ortada batan biz ustaların pulları olub”.
Bərdədəki evini satan E.Cəfərov hazırda Bakıda kirayədə yaşayır.
Məsələ ilə bağlı adı hallanan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacanağı, sahibkar Mahmud İsmayılovla əlaqə saxladıq. M.İsayev Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu və Elgiz Cəfərovun problemlə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etdi:
“Mən tikinti işlərinə nəzarət etmişəm. Düzdür, İcra Hakimiyyətinin tapşırığı əsasında işlər görülüb və mən də işə nəzarət etmişəm. Pulu qalıb, bunu inkar etmirəm. Amma mən pul işinə baxmamışam. Məsələnin mənimlə bir əlaqəsi yoxdur. Elgizin pul ala bilmədiyi idarələrin siyahısı əlindədir. Qoy gedib məhkəmə müstəvisində problemini həll etsin. Mənim məsələ ilə hər hansı bağlılığım yoxdur. Bunu özü ilə söhbətimdə də demişəm.
Bir neçə təşkilatda pulu qalıb, indi başçıdan yapışıb. Bu doğru deyil axı. Qanun-qayda var, getsin məhkəməyə”. (modern.az)
İnterpress.az