Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Interpress.az-a verilən məlumata görə, nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində Stokholm (İsveç) şəhərində təşkil edilən konfransda iştirak edib. Qeyd olunan dövlətlərin əmək və məşğulluq orqanlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin, sosial tərəfdaşların iştirakı ilə keçirilən tədbirin məqsədi gənclərin məşğulluğu sahəsində təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Konfransda ayrı-ayrı dövlətlərdə məşğulluq xidmətlərinin fəaliyyəti, bu sahədə potensialın gücləndirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əmək bazarının proqnozlaşdırılması, yeni innovativ metodların tətbiqi və s. mövzularda təqdimatlar edilib, ekspert qiymətləndirmələri və təcrübə mübadilələri aparılıb. Tədbir çərçivəsində bütün iştirakçı dövlətlərin nümayəndələrinin iştirakı ilə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində uğurlu praktikalar üzrə müsabiqə keçirilib və ən yaxşı təcrübələrin təqdimatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin başçılıq etdiyi nümayəndə heyətinin təqdimatı ölkəmizdə gənclərlə bağlı aktiv məşğulluq proqramları, habelə müasir dünya təcrübəsinə əsasən ali təhsil müəssisələrində virtual müəssisələrin yaradılması layihəsi ilə bağlı olub. Bu müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilməklə, onların ali təhsilli gənclərin əmək bazarının tələblərinə uyğun səviyyədə bacarıqlara, lazımi təcrübəyə, işgüzar keyfiyyətlərə malik olmalarında önəmi diqqətə çatdırılıb.
Qarşılıqlı ekspert qiymətləndirmələri aparıldıqdan sonra gizli səsvermənin nəticələri elan olunub. Müsabiqədə Azərbaycan nümayəndə heyətinin təqdimatını keçirdiyi layihə ən çox səs toplayaraq, gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində MDB-də ən yaxşı təcrübə nümunəsi kimi birinci yerə layiq görülüb və bununla əlaqədar nümayəndə heyətimizə BƏT-in Diplomu təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İsveç Dövlət Məşğulluq Xidmətində, Stokholm şəhər Məşğulluq Mərkəzində, İsveç Həmkarlar Təşkilatında, İsveç Sahibkarlar Birliyində, Norveç Əmək və Sosial İşlər Nazirliyində, Norveç Əmək və Ridah Direktorluğunda, Norveç Həmkarlar Təşkilatında və s. olaraq, onların müvafiq sahədə iş praktikaları ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olub. 2014-cü ilin ortalarında isə BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, səmərəli iş təcrübəsi barədə məlumatları təqdim olunan ölkələr sırasına daxil edilib.
Gülşanə Mustafayeva
İnterpress.az