Nazir Quliyevin İnterpress.az-a verdiyi xəbərə görə, layihə uğurla nəticələnib.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsi çərçivəsində Bakı şəhərinin 12 orta məktəbində seminarları başa çatdırmışdır. Seminarlarda 700 uşağın iştirakı nəzərdə tutulsada 800-ə yaxın uşaq iştirak etmişdir. Seminarlar Bakı şəhərinin 83, 100, 102, 111, 5, 19, 21, 39, 45, 18, 173, 158 saylı orta məktəblərdə keçirilmişdir. Seminarlarıı açılış çıxışı ilə Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin Sədri, layihənin rəhbəri Nazir Quliyev etmişdir. O, layihə haqqında iştirakçılara geniş məlumat vermiş, layihənin QHT Şurası tərəfindən dəstəkləndiyini bildirmişdir. Eyni zamanda qeyd edilmişdir ki, layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirməkdir.
Seminarlarda Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, əməkdaşlar Anara Xəlilova və İlahə Əfqanlı iştirak etmiş və uşaq hüquqlarının təbliğində və müdafiəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırmışlar.
Eyni zamanda Ombudsmanın 916 Qaynar Xətt Xidməti ilə bağlı uşaqlara geniş məlumat vermişlər. Seminarlarda çıxış edən məktəb direktorları, məktəb psixoloqları və məktəb uşaq birliklərinin rəhbərləri məktəbdə uşaqların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsi və müraciət etmə mexanizmləri ilə bağlı öz təcrübələrini bölüşmüşlər.
Daha sonra layihə komandasının və ekspertlərin iştirakı ilə mövzu üzrə müzakirələr keçirilmiş, uşaq hüquqları ilə bağlı beynəlxlaq və milli sənədlər, uşaq hüquqlarının pozulması formaları, onların müdafiəsi, uşaqlara qarşı zorakılıq, uşaqların müraciət etmə mexanizmi və digər mövzular müzakirələr keçirilmiş və uşaqların sualları cavablandırılmışdır. Uşaqlar mövzu ilə bağlı qrup müzakirələri keçirmiş və təqdimatlar etmişdir.
Seminarlarda fəal iştirak edən uşaqlar təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Hüquqları Mərkəzində iştiraka seçilmişlər. İyun ayında Bakı şəhərinin orta məktəblərinin seçilmiş uşaqlarının görüşü keçiriləcəkdir.
Eyni zamanda seminarlarda hər bir orta məktəbin uşaq birliyinin rəhbərləri və psixoloqları seçilmiş və iyun ayının əvvəlində onlar üçün 3 günlük təlim keçiriləcəkdir.
Təlimdə uşaq hüquqları ilə bağlı milli və beynalxalq qanunvericilik, uşaqların hüquqlarının qorunması yolları, uşaqların zorakılıqdan müdafiəsi, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə iş məsələləri geniş müzakirə ediləcəkdir. Təlimdə Uşaq Birliklərinin Strateji İnkişaf Planı Sənədi müzakirə olunacaqdır. Eyni zamanda Psixoloji Xidmət haqqında Qanunda nəzərdə tutulmalı məsələlər və hazırlanmış təkliflər müzakirə ediləcəkdir.
Layihə psixoloqunun və məktəb psixoloqlarının iştirakı ilə məktəblərdə uşaqlar üçün psixoloji qəbul günləri təşkil ediləcək və uşaqların fərdi qəbulu həyata keçiriləcəkdir. Ehtiyacı olan uşaqlar üçün Fərdi İnkişaf Planı hazırlanacaq və onun icrasında layihə psixoloqu məktəb psixoloqları və uşaq birliklərinin rəhbəri ilə sıx əməkdaşlıq edəcəkdir. Eyni zamanda valideynlərlə iş aparılacaq və uşaqların psixoloji durumunun inkişafında onlarla davamlı əməkdaşlıq ediləcəkdir\”.
İnterpress.az