Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvanda yerləşən “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzində davamlı mərmi partlayışları ilə müşayiət olunan olay baş verib.
1 il 20 gün əvvəl “Araz” zavodunun qonşuluğunda yerləşən MSN-ə məxsus “Telemexanika” zavodunda da oxşar olay baş vermiş, 11 nəfər yaralanmışdı. Həmin vaxt 1 nəfər dünyasını dəyişmişdi. Odur ki, son partlayışdan sonra olayın təxribat ola biləcəyi iddiaları, ehtimalları ilk andan vardı.
Rəsmi məlumata görə, partlayış iyulun 26-da 15:35 radələrində meydana gəlib. Utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib. Partlayış dalğasının təsirindən utilizasiya üçün təqdim edilmiş mərmilər, müxtəlif növ siqnal və işıqlandırıcı patronlar 1-2 kilometr radiusda ətrafa səpələnib. Ərazidəki quru ot örtüyünün üstünə yağış kimi yağan sursatlar yanğının yaranmasına səbəb olub. Güclü partlayış bir neçə saat sonraya qədər davam edib, iyulun 27-nə keçən gecə 2-də partlayış səsləri tamamilə kəsilib.
Məmurlar barıt tüstüsündə, göydən yağan mərmi yağışı altında…
Partlayış baş verəndən dərhal sonra müdafiə sənayesi naziri Yavər Camalov Şirvana yollanaraq “Araz” zavoduna, partlayış baş verən mərkəzin inzibati binasının qarşısına gedib. Onunla birlikdə ərazidə daxili işlər, fövqəladə hallar nazirlərinin müavinləri, baş prokurorun müavini və digər rəsmi şəxslər də olub. Həmin vaxt artıq ərazi polis tərəfindən mühasirəyə alınmışdı. Zavoda gedən yollarda quraşdırılan polis postlarından rəsmi şəxslərdən savayı kimsə əraziyə buraxılmırdı. Buna baxmayaraq, partlayış baş verən mərkəzin administrasiya binasının qarşısına qədər gedə bildik. Yolboyu ərazidə ot örtüyü yanmışdı, bəzi yerlərdə yanğın davam edirdi.
Ətrafda çoxlu partlamamış mərmi başlıqları, siqnal raketlərini bir neçə hissəyə parçalanmış patronları, içərisindən çıxan paraşütlər səpələnmişdi. Barıt qoxusu yanmış ot iyinə qarışmışdı. Ara-sıra mərkəzdə baş verən partlayış və partlayış dalğasının göyə atdığı, arı vızıltısı verərək üzü aşağı istiqamətlənən sursatlar tüstü qatını yararaq yerə çırpılırdı. Ərazi ortabab bar verən, meyvələri altına səpələnən ağacın altını xatırladırdı – hər yer mərmi başlıqları, siqnal raketlərinin qalıqları ilə dolmuşdu. Hər partlayışdan sonra sanki yer ayaqlar altından qaçırdı. Çoxsaylı mərmi başlıqlarının 1-2 kilometr uçaraq yerə çırpılması və partlayıb geniş dərə açmaması onu deməyə əsas verirdi ki, başlıqlar partlayışa qədər zərərsizləşdirilib.
Mərmi başlıqlarının əvvəldən zərərsiz hala gətirilməsi böyük tələfatların qarşısını alıb!
Partlayışın özü dəhşətli olsa da, göydə uçuşan mərmi başlıqlarının əvvəldən zərəsizləşdirilməsi, içinin barıtının boşaldılmasını xoş bir təsadüf adlandırmaq olar. Bu səbəbdən də partlayış dalğasının əraziyə səpələdiyi yüzlərlə mərmi başlığından 1-i də partlamamış, zavoddan qaçan işçilərin ağır qəlpə yaraları almasına, partlayış radiusunda olan Şirvan şəhərindəki binalara xətər yetirməmişdi. Bu xoş təsadüf zavodun bir neçə yüz metrliyindən keçən mağistral qaz kəmərinin zədələnməsini, təxminən 2 kilometrlik uzaqlıda yerləşən “Qarasu Oyl” Neft Şirkətinin çoxsaylı rezervuarları yerləşən neft anbarında dəhşətli yanğının baş verməsini də istisna etmişdi…
İntensiv partlayışların baş verdiyi bir şəraitdə mərkəzin inzibati binasının qabağına toplaşan, çıxış yolu axtaran rəsmilərin durumu da təlx idi. 20 kilometr radiusda hiss olunan partlayışların qarşısını almaq elə də asan iş deyil. Atılacaq addımların bəri başdan uğursuzluğa düçar olacağı da bilinirdi…
Təxminən 2 kilometrlik çöllük ərazini qət edib mərkəzin nəzarət-buraxılış məntəqənin qarşısına toplaşmış rəsmilərə yaxınlaşdıq. Ətrafda zirehli gödəkçə geymiş çoxsaylı polislər, mitinqlər zamanı Bakı küçələrinə çıxarılan zirehli maşın gözə dəyirdi. Partlayışın baş vermə səbəbi, yaralıların, ölənlərin olub-olmaması haqda müdafiə sənayesi nazirinə ünvanladığımız sualları Yavər Camalov təmkinlə dinləyib hər hansı bir söz belə demədi. Nazirin üzündə hər hansı bir ifadə də sezilmirdi. Partlayışlar davam edir, nazir gözünü belə qırpmırdı. Əhatəsində olduğu rəsmi şəxslər də partlayışla bağlı hər hansı bir açıqlama verib baş verənlərə aydınlıq gətirmək istəmədilər.
Ölümün pəncəsindən qurtulmuş işçi dedi ki…
Rəsmilərin mərkəzin qarşısında dayandıqları nəzarət-buraxılış məntəqəsinin şüşələri ətrafa səpələnən qəlpələrdən sınmış, mərmi başlıqları məntəqənin dam örtüyündə böyük ölçülü deşiklər açmışdı. Zavodun həyətindəki 5 mərtəbəli inzibati binanın pəncərələrinin şüşələri də sınıb tökülmüşdü. Müəssisəyə yüksək gərginlikli cərəyan ötürən dirəklər sınıb yerə yıxılmışdı. Zavodun həyətindən çıxan, əynində hərbi geyim olan şəxslər yaxınlıqda yerə oturmuşdular. Onlardan birinin əynində köynəyi yox idi, maykası da cırılmışdı, üzərində qara rəngli kül izləri gözə dəyirdi. Zavodun işçiləri olan bu şəxslər də danışmaq istəmədilər. Dedikləri o oldu ki, zavodda ölən yoxdur. Ara-sıra zavodun üzərində Fövqəladə Hallar Nazirliyinə məxsus vertolyot fırlanır, ərazidə yanğınsöndürənlər yanan ot örtüyünü söndürürdülər…
Yanğınsöndürənlər də danışmağa həvəsli deyildilər. Onlar zavoddakı partlayışın səngiməsini gözlədiklərini, partlayış tam səngiyəndən sonra mərkəzdə müvafiq xilasetmə və digər zəruri tədbirlərin görüləcəyini bildirdilər. Geri dönüb Şirvan Mərkəzi Xəstəxanasına yollandıq. Yol üstündə olan polis kartonlarından birinin qarşısında bir neçə şəxsin əraziyə keçmək istədiyinin şahidi olduq.
Onlardan biri ilə polis arasında belə bir dialoqun şahidi olduq:
– Buraxın, gedək özümüz dağı axtaraq. Bəlkə qaçıb gedib, dağda ayağı burxulub yerə yıxılıb? Buraxın gedək…
Polislər:
– Bizə əmr verilib ki, əraziyə heç kimi buraxmayaq.
Həmin şəxslər isə sakitləşmirdilər:
– Xəstəxanaya 20-30 dəfə getmişik, orada yoxdur. Hamı deyir ki, zavodda partlayış olandan sonra işçilər üzü dağa, “Qarasu”ya (“Qarasu OYL” şirkətinin neft anbarı istiqamətinə) tərəf qaçıblar. Bəlkə oralardadır? Buraxın, xahiş edirik.
Kartonun bir başqa tərəfində isə təxminən eyni dialoq 2 qadınla polislər arasında davam edir. Məlum olur ki, polislərdən əraziyə buraxılmaq izni istəyən hər iki dəstə olay zamanı itkin düşən, mətbuatda adları dərc olunandan bir neçə saat sonra meyitləri aşkar olunan İlhamə Əsgər qızı Nuriyeva və zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyar oğlu Məmmədovun yaxınlarıdır.
Sexdən yaralıları çıxardı, atasını xilas edə bilmədi
A.Məmmədovun oğlu İlkin Məmmədov da partlayış baş verən mərkəzdəki 8-ci sexdə çalışıb. Partlayışdan sonra yaralanan bir neçə şəxsi sexdən İ.Məmmədov çıxarıb və ərazidə atasını axtarıb. Onun idarə etdiyi, üzərinə mərmi başlıqları düşərək damı əzilmiş, ön şüşəsi sınmış “UAZ” markalı maşında atasını tapmayınca yaxınlıqdakı dağa qaçdığını düşünüb. Özü də həmin tərəfə qaçıb, orada qarşısına çıxanlardan atasını soraqlayıb…
Gecə yarısı Şirvan Mərkəzi Xəstəxanasının həyətində yerləşən Şirvan morquna 2 yanmış meyit gətirildi. Xəstəxananın həyətində 200-300-ə yaxın adam toplaşmışdı. Məlum oldu ki, gətirilənlər partlayışdan sonra itkin düşən A.Məmmədovla İ.Nuriyevadır.
MSN məlumat yaydı, partlayışın səbəbinə aydınlıq gətirilmədi
Hadisədən 3-4 saat sonra MSN-in saytında “Şirvan ”Araz\” zavodunda hadisə baş vermişdir\” başlığı altında dərc olunan xəbərdə olayın səbəbinə aydınlıq gətirilmir, hadisə zamanı 11 nəfərin yaralandığı bildirilirdi. İyulun 27-də gün ərzində MSN partlayışın başvermə səbəbinə aydınlıq gətirmədi, Y.Camalovun olay zamanı həyatlarını itirmiş 2 şəxsin dəfnində iştirak etdiyi xəbərini yaymaqla işini bitmiş saydı. Faktiki isə partlayış zamanı 2 nəfərin öldüyü, 26 nəfərin yaralandığı dəqiqləşmişdi.
Partlayışı dövlət komissiyası araşdıracaq
Qeyd edək ki, partlayışla əlaqədar prezident İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqda sərəncam imzalayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyaya tapşırılıb ki, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
– Hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;
– Görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Baş Prokurorluğun partlayışla əlaqəli yaydığı məlumatdan aydın olur ki, fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
“Partlayış səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir”
Hərbi ekspert Üzeyir Cəfərov partlayışla bağlı öz ehtimalını səsləndirib. O hesab edir ki, onlarla adamın yaralanması ilə sonuclanan partlayışa terror və ya hər hansı təxribat hadisəsi səbəb ola bilməz:
“Bəlkə də nəzəri cəhətdən mümkündür, amma praktik olaraq yox. Mən terror, ya təxribat hadisəsini istisna edirəm. Çünki orda mühafizə səviyyəsi çox yüksəkdir. O zavodda olmuşam, özüm görmüşəm”.
2-ci belə hadisədir ki, baş verir
Hərbi ekspert deyir ki, “Araz” zavodu Müdafiə Sənayesi Nazirliyi üçün əhəmiyyətli müəssisədir. Bu zavodda minaatanlardan biri uçun mərmi hazırlanır və həm də vaxtı keçmiş mərmilərin, silah-sursatın utilizasiyası həyata keçirilir. Onun sözlərinə görə, zavod 3 ildir fəaliyyət göstərir, ancaq artıq 2-ci belə hadisədir ki, baş verir.
Ü.Cəfərov ötən il iyulun 6-da “Araz” zavodunun yaxınlığındakı “Telemexanika” zavodunda baş verən 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən yanğına diqqət çəkərək deyib: “1-ci hadisədə olayla bağlı ictimaiyyətə geniş məlumat verilmədi. Son olayın səbəbləri və nəticələri barədə detallı bilgi açıqlanmalıdır. Çoxlu yaralılar var, hətta ölənlər də oldu. Hadisə işin ən qızğın vaxtında baş verib”.
Hərbi ekspert Müdafiə Sənayesi Nazirliyinin zavod rəhbərliyi ilə bağlı ciddi ölçülər götürəcəyini gözləyir.
Ü.Cəfərov deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin mətbuatın partlayış baş vermiş ərazidən reportajlar yaymasını hərbi sirrin yayılması kimi qiymətləndirməsinə təəccübləndiyini də açıqladı: “Orada hərbi sirr, hərbi sirr xarakterli bir məlumat yox idi. Hansısa hərbi sirdən söhbət gedə bilməz. 2013-cü ildə prezident həmin zavodun əsaslı təmirdən sonra açılışına qatılıb. Həmin tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov prezidentə hesabat verərək zavodda istehsal olunan məhsulların adını çəkməklə geniş məlumat verib, partlayış baş verən utilizasiya sexi haqda geniş danışıb. Deyib ki, zavodda minaatanlar, artileriya və digər silahlar üçün mərmilər hazırlanır. Əgər hərbi sirdən söhbət gedirsə, bu gün də internet resurslarında həmin tədbirdəki hesabatda sadalanan məlumatların yer almasını necə qiymətləndirmək olar?” (musavat)
İnterpress.az