Qida məhsullarının əsasını və başlıcasını ət və ət məhsulları təşkil edir. Bir neçə gündür ki, marketlərdə, mağazalardabazarlarda mal və qoyun ətinin qiyməti artıb. İndi mal ətinin bir kiloqramı 1-1,5 manat artaraq 8-8,5 manata, qoyun əti isə 10-11 manata satılır. Bununla əlaqədar olaraq şəhər sakinləri müraciət edərək, ətin bahalaşması ilə əlaqədar öz narahatlıqlarını bildirirlər.
“Yay aylarında ətin bahalaşması gözlənilməz hadisədir. Mən 40 ildən çoxdur ki, heyvandarlıqla məşğul oluram. Bu illər ərzində birinci dəfədir ki, iyul ayında ətin bahalaşmasına rast gəlirəm. Düzdür, xalqımız ətdən daha çox istifadə edir və gündəlik menyuda mütləq ətli yeməklər olur. Yayda havalar isti keçdiyindən həmişə ət və ət məhsullarından az istifadə olunur. Qida rejimində ən çox üstünlük tərəvəzə verilir. Dünyanın bütün ölkələrində badımcanı və paxlalı bitkiləriət əvəzləyicisi hesab edirlər. Çünki, bu bitkilərin tərkibində zülal və protein turşuları nisbətən çox olur”,-deyə Ç.Fərəcov bildirib.
Mütəxəssis deyir ki, 2016-cı ilin birinci yarısında ölkədə 231,1 min ton ət istehsal olunub. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,6 faiz, ölkəyə idxal olunan ət və qida üçün yararlı ət əlavələri 34 faiz artıb. Balıq və balıq məhsulları isə 2,5 dəfə çox idxal olunub.
“İqtisad elmləri doktoru, hörmətli Qubad İbadoğlu ətin bahalaşmasını ölkəyə idxal olunan diri heyvanların 57,1 faiz azalması ilə izah edir. Bu məsələ araşdırılarkən, müəyyən edilmişdir ki, xarici ölkələrdən respublikaya kəsilmək üçün iri buynuzlu mal-qara idxal edilmir. Ölkəyə ancaq və ancaq damazlıq mal-qara idxal olunur. Damzalıq mal-qaranın isə kəsilib, ətinin satılması yolverilməzdir.
Hal-hazırda kənd və qəsəbələrdə kifayət qədər yem var. Yonca sahələrində 3-cü biçim başlanıb. Normadan artıq yağış yağdığına görə, otlaqlarda və biçənəklərdə kifayət qədər yem bitkiləri əmələ gəlib. Arpanın kiloqramı 20-25 qəpiyə, yoncanın kiloqramı 13-15 qəpiyə satılır.
İri və xırda buynuzlu mal-qaranın 80-85 faizi ailə-kəndli və ev təsərrüfatlarında cəmləşib. Elektrik enerjisinin və suyun qiymətinin bahalaşması heyvandarlığa o qədər də ciddi təsir göstərmir”.
Maraqlıdır, Ağcabədi, Beyləqan, İmişli və Bərdə kimi iri heyvandarlıq rayonlarında mal ətinin kiloqramı indi də 5-6 manata satılır. Bəs Bakı şəhərində ətin belə bahalaşmasının səbəbi nədir? Mütəxəssislər belə hesab edirlər ki, ətin indidən bahalaşması Qurban bayramı üçün baş məşqdir.
Çingiz Fərəcov ətin süni yolla bahalaşdırıldığı qənaətindədir:
“Ət satışı yerlərində aparılan təhlillər göstərir ki, ət süni surətdə bahalaşdırılır. Lakin bunun qarşısını alan yoxdur. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə tapşırmışdı ki, qiymətləri süni surətdə qaldıran möhtəkirlərə qarşı ciddi mübarizə aparılır. Çox nadir hallarda mübarizə aparılır, özü də kampaniya şəklində. Mən çox təəssüf edirəm ki, bazarlar idarə olunmur, bazarlar taleyin ixtiyarına buraxılır. Bundan əzab və əziyyət çəkən də aztəminatlı ailələr olur.
Eyni zamanda qeyd etmək yerinə düşər ki, yaxın gələcəkdə Azərbaycan xalqının ən çox istifadə etdiyi və sevdiyi qoyun əti istehsalının kəskin surətdə azalması proqnozlaşdırılır. Çünki əsrlərdən əsrlərə qalmış və bu gün qoyunçuluq təsərrüfatlarına ərmağan edilən, qoyun-quzuları ucuz ayaqaltı yemlə təmin edən qış otlaqları qoyunların əlindən alınır və bu sahələrdə buğda əkilir.
Taxılçılıq intensiv əvəzinə ekstensiv inkişaf yoluna yönəldilir. 1 kq qoyun əti, 1 kq buğdaya nisbətən 25-30 dəfə artıq gəlir gətirir. 100-dən çox qoyunçuluq təsərrüfatlarının əlindən qış otlaqları alınaraq onlara konpensasiya verilir və deyilir ki, gedib başqa işlə məşğul olun. Bəzi rəhbər işçilər deyirlər ki, heyvandarlıq müasir yollarla inkişaf etdirildiyindən otlağa və örüşə ehtiyac qalmır. Sual olunur, o hansı müasir yoldur ki, milyonlarla qoyunu həmin yolla necə inkişaf etdirmək olar?! Dədə-babalarımız ta qədimdən bu günədək qoyunları qışda qışlağa, yayda isə yaylağa aparıblar. Bu ölməz və həmişəyaşar ənənələri bizim qəhrəman qoyunçuların əlindən almaq olmaz.
Allah-təala qışlaqları maldarlıq üçün yox, yalnız qoyunçuluq üçün yaratmışdır. Bəs qış otlaqları niyə dağıdılır? 20-25 ilə əmələ gələn və formalaşan yovşan bitkilərinin yeri şumlanıb, şah bitkisi adlanan bu qiymətli yemin kökü niyə kəsilir? Görəsən qoyunçuluq təsərrüfatlarının əsl yiyəsi olan, istehsalla bilavasitə məşğul olan Kənd Təsərrüfatı Nazirliyi qış otlaqlarının şumlanmasına və təyinatının dəyişdirilməsinə niyə göz yumur, niyə həyəcan təbili çalmır? Sovet dövlətinin odlu-alovlu vaxtında, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bir qarış da olsun qış otlağı şumlanmazdı və həmişə, xüsusilə o vaxtlar qış otlaqları sırf təyinatı üzrə istifadə edilərdi və toxunulmaz idi”. (modern)
İnterpress.az