Cahangir Hacıyev işçisi ilə məhkəmədə ağızlaşdıbackend

Cahangir Hacıyev işçisi ilə məhkəmədə ağızlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Fasilədən sonra məhkəmədə təqsirləndirilən şəxslər ifadə verib.

Musavat.com xəbər verir ki, təqsirləndirilənlərdən İlqar Abdullayev dövlət ittihamçısının suallarını cavablandırıb.

O, heç bir vəsaitin mənimsənilməsində iştirak etmədiyini, pulların necə xərcləndiyini bilmədiyini deyib. Cahangir Hacıyevin özü ilə birbaşa ünsiyyəti olmasa da, onun adından verilən qərarları yerinə yetirdiyini söyləyib.

İfadə vermək növbəsi Yusif Ələkbərova çatıb. O, 2001-2012-ci illər arasında bankda işlədiyini deyib.

Filial rəhbəri olduğunu deyən Y.Ələkbərov heç bir mütəşəkkil dəstənin üzvü olmadığını bildirib: “Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Ona görə məhkumluq həyatı yaşamışam. Bank rəhbərliyi o zaman məni həbs etdirmişdi. Ona görə də mütəşəkkil dəstə və məminsəmə ittihamı mənə gülməli gəlir. Mən bu sualları müstəntiqə də verdim. Onu da deyim ki, kredit rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülürdü. Necə və kim tərəfindən götürüldüyünü isə bilmirəm”.

Təqsirləndirilən Kənan Orucov da ifadə verib. Hazırda ev dustaqlığında olan Kənan Orucov ifadəsində bank yaranan gündən etibarən orada işlədiyini, 2003-cü ildən 2015-ci ilə qədər nəqliyyat filialının müdiri olduğunu, sonradan öz ərizəsi ilə işdən çıxdığını bildirib.

“Bizə dedilər ki, “İnter Security” şirkətinin 18 əməkdaşının adına 16 milyondan çox kredit ayrılmalıdır. Bizə belə bir göstəriş gəlmişdi. Ancaq bizim filialda o qədər pul yox idi. Biz sadəcə olaraq rəsmiləşdirməni həyata keçirmişdik, pulu isə baş idarədən götürdülər. Bizim korporativ müştərilərimiz olurdu. Əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı Cahangir Hacıyev mənə göstəriş verirdi.

Ümumiyyətlə bizə göstəriş verilirdi ki, kreditlər ayrılsın. Mən o kreditlərin hara xərcləndiyini bilmirdim” – deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.

Hazırda ev dustaqlığında olan təqsirləndirilənlərdən Məmməd Cahangirov isə ifadəsində bildirib ki, 2001-ci ildən 2011-ci ilə qədər Beynəlxalq Bankın Nərimanov filialının, 2011-ci ildən sonra isə sənaye filialının müdiri olub.

O, bu müddət ərzində baş idarənin göstərişinə əsasən kredit verdiyini deyib: “Baş idarənin qərarları əsasında böyük kreditləri vermişəm. Aydın Mehdiyevin adına verilmiş kredit Ukrayna və Albaniyada metal biznesinə yönəlmişdi. Aydın Mehdiyev (Cahangir Hacıyevin sürücüsü – red.) mənə zəng edirdi və deyirdi ki, bu qədər kredit ayrılmalıdır. Mən də baş idarə ilə danışırdım. Orada olan Akif Əliyev bunun əleyhinə idi. Digər tərəfdən də Aydın Mehdiyev zəng edirdi. Mən də məcbur olub Arif Əliyevin yanına gedib dedim ki, Aydın Mehdiyev zəng vurub kredit ayrılmasını istəyir. Onun otağında olanda Arif Əliyev Cahangir Hacıyevlə əlaqə saxladı. Cahangir müəllim isə Akifə dedi ki, krediti verin. Bundan sonra kredit ayrıldı.

Kredit komitəsinin bu cür kreditlərlə bağlı qərarı sənədlər yığılmamışdan əvvəl gəlirdi. Adam gəlirdi, sonra sənədlər yığılırdı. Mən, ümumiyyətlə, həmişə çalışırdım ki, qanuna əməl edək. Deyirdim ki, adamlar özləri gəlsin, imza çəksin, kredit verilsin. Ayrılan pulun hara getməsindən, necə xərclənməsindən xəbərim olmayıb.

Biz nə edə bilərdik ki? Biz sadəcə memorandum yaza bilərdik ki, bu cür kreditlərin ayrılması təhlükəlidir. Ancaq bu o demək idi ki, biz öz hökmümüzü çıxarırıq. Həm də ki, bir məsələ var ki, kimin gəlib imza atmasından asılı olmayaraq, əgər pul oradan çıxarılmalı idisə, çıxarılacaqdı”.

Cahangir Hacıyev isə çıxış edərək bu vəsaitin Ukrayna və Albaniyada armatur biznesinə ayrıldığını, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirovun şərikli iş gördüklərinin deyib.

Məmməd Cahangirov isə Cahangir Hacıyevin bu çıxışına qəzəbli cavab verib: “Cahangir müəllim, Allahınız olsun, niyə yalan danışırsınız? Mənim bu biznesə aidiyyatım olmayıb. Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub”.

C.Hacıyev: “Mən yalan danışmıram. Mən olanı deyirəm. Və əlavə olaraq qeyd edirəm ki, ittiham aktında göstərilən kreditlərin Məmməd Cahangirova aidiyyatı olmayıb”.

M.Cahangirov: “Adlarına kredit rəsmiləşdirilmiş şəxslərin “İnter Secrutiy” şirkətinin əməkdaşları olduğunu sonradan bildim”.

Məhkəmədə “İnter Security” şirkətinin rəhbəri İbrahim Hüseynov da ifadə verib. Qeyd edək ki, İ.Hüseynov hazırda həbsdədir.

O deyib ki, işçilərini kredit götürməsi üçün bankda özü göndərib. Bu işdə heç bir marağı da olmayıb.

“Biz Beynəlxalq Bankın baş idarəsini yox, digər strukturlarının mühafizəsini təşkil edirdik. Başqa müəssisələrlə, fiziki şəxslərlə müqavilə imzalamırdıq.
Aydın Mehdiyev zəng edirdi ki, etibarlı müştərilərdən göndər və bu qədər kredit almaq lazımdır. Mən də işçilərimdən göndərirdim”- deyə İ.Hüseynov bildirib.

Prokuror Fərid Nağıyev İ.Hüseynovdan bu göstərişi kimdən aldığını soruşub.

İbrahim Hüseynov bu tapşırığı rəhbərlikdən aldığını deyib.

İfadə sual-cavab şəklində davam edib.

Prokuror: “Sənin işçilərin bilirdilər ki, kreditləri niyə alırlar?”

İ.Hüseynov: “Bir çox hallarda mən özüm də bilmirdim. Biz nə qrup olmuşuq, nə də cinayətkar”.

C.Hacıyevin vəkili: “Sizi nə vadar edirdi ki, kredit götürəsiniz?”.

İ.Hüseynov: “Heç nə vadar etmirdi. Sadəcə bir etibarlı adam kimi mənə deyirdilər, mən də edirdim. İşçilərin də mənə hörməti var idi. Bilirdilər ki, bu işin arxasında mən dayanıram. Bu gün də mən ona görə buradayam ki, onlar məsuliyyətə cəlb olunmasın”.

Məmməd Cahangirov ifadə verən İbrahim Hüseynova sual verib: “Səni işçilərinin adına kredit götürülüb. Mənim Aydın Mehdiyevlə biznes işində əlaqəm var idimi?”

İbrahim Hüsenov: “Mən bildiyim qədər yox idi”.

Məmməd Cahangirov çıxış edərək götürülən kreditlərin bağlanmasını tələb etdiyini söyləyib. “Mən tələb edirdim ki, o kreditlər bağlansın. Aydın Mehdiyev mənə deyirdi ki, kreditlər Dünyamin tərəfindən bağlanmalıdır”.

Hazırda həbsdə olan Bakı Fındıq Emalı Zavodunun rəhbəri Azad Cavadov ifadə verib.

O, 2002-2012-ci ilə qədər çalışdığı zavodun inkişaf etdirməyə çalışdığını deyib. O, ifadəsinə bunları əlavə edib: “Məni çağırıb dedilər ki, yeni iş yerləri yaradılmalıdır. Kənd təsərrüfatında çalışan adam kimi regionlarda iş yerləri yaradılması üçün konsepsiya hazırlamağımı istədilər. Mən də dedim ki, ancaq bu işi bacarıram. Bunun üçün maliyyənin lazım olduğunu bildirdim. Dedilər ki, problem yoxdur. Maliyyə ayrıldı və 2 min hektara qədər torpaq sahəsi aldıq.

2010-cu ildə vergidən gəlib yoxladılar. Mən də götürülmüş pulların hara xərcləndiyini dedim. Ancaq başa düşmək istəmirdilər. Cahangir müəllimin Allah balasını saxlasın. 10 milyonu ödədi. 7 milyonun da hara xərcləndiyi bəlli idi. Xaçmazda 300, Oğuzda 100, Balakəndə 100 hektar və digər yerlərdə fındıq sahələri alınmışdı. Özləri də getdilər baxdılar ki, həqiqətən bu yerlər var. Ancaq onlar bunu qəbul etmək istəmirdilər. Çox mübahisə etdik. Həmin əraziləri də aldılar, ardınca da pulu tələb etdilər. Axırda bizə dedilər ki, yeganə çıxış yolu budur ki, gedin şefinizlə danışın, kredit ayrılsın və borcları bağlayın. Bağları da götürdülər, pulları da aldılar. Kredit rəsmiləşdirildi. Borcu ödədim. İndi də o bağlardan fındıq yığılır.
Mən müstəntiqdən soruşdum ki, bu nə olan məsələdir ki, biz həm pulu ödəyirik, həm də torpağımızı alırlar?”.

Məhkəmə avqustun 29-da davam etdiriləcək.

İnterpress.az