Birazdan Amerika bayrağı üzərində “made in China” yazılacaq.backend

Birazdan Amerika bayrağı üzərində “made in China” yazılacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az politoloq Elşad Mirbəşiroğlu ilə müsihibəni təqdim edir:

-Müasir dünyada güc nisbəti necə qurulub və hansı aktorlar vəziyyəti dəyişməkdə fəal rol oynayır?

-Hal-hazırda dünyadakı güc nisbəti haqqında danışmaq çox çətin məsələdir, daim təqdim edilənin əksinə dünyada güc uğrunda mübarizə aparan sadəcə ABŞ və Rusiya dövlətləri deyil. Lakin görünən odur ki, əsas geostrateji mövqeləri ələ keçirmək üçün ən aktiv fəaliyyət məhz adı çəkilən ölkələrə məxsusdur. Bununla belə ümumi xarekteristikanın verilməsi üçün tarixi gedişata diqqət yetirmək olduqca zəruridir. Məlum olduğu kimi I və II dünya müharibəsindən ABŞ böyük iqtisadi, hərbi və siyasi güc kimi ayrıldı. Beləliklə dünya lideri olmaq üçün əsaslı bazaya malik olan ABŞ Marşal və Trumen planı ilə Avropaya maddi dəstək göstərərək, regionu öz təsiri altına salmağa nail oldu. Beləliklə dünya, iki super dövlət – ABŞ və SSRİ-nin hökmranlıq uğrunda mübarizə meydanına çevrildi.

1980-ci illərdə neftin qiymətinin süni şəkildə, kəskin aşağı salınması ilə SSRİ-nin iqtisadi dayaqları da sarsılmağa başladı. Ardınca məlum etnomilli münaqişələrin baş qaldırması ilə SSRİ süquta uğradı və soyuq müharibədən sonrakı dövrdə ABŞ alternativi olmayan gücə çevrildi. Postsovet məkanı üçün xüsusi strategiya ilə addımlayan ABŞ-dan fərqli olaraq SSRİ-nin varisi Rusiya bu məkandan bir növ acıqlı idi. Bir zamanlar SSRİ-nin təsir dairəsində olan postsovet məkanı ilə yanaşı Uzaq və Yaxın Şərq, Şərqi Avropa, Cənubi Qafqaz ABŞ-ın və Avropanın partnyorlarına çevrildi, nəticədə müəyyən bir zaman kəsiyində ABŞ dünyanın bir nömrəli gücü olmağa nail ola bildi. Bu baxımdan Vladimir Putinin Rusiyanın taleyini dəyişdiyini demək olar, belə ki, Putin tamamilə fərqli strategiya seçdi. Eks president Yeltsin postsovet məkanının müstəqilliyini qəbul edə bilmirdi, Putin isə belə olan halda Rusiyanın ənənəvi təsir dairəsini tamamilə itirəcəyini dərk edirək bu halın baş verməməsi üçün real siyasi gedişlər etməyə başladı.

-Soyuq müharibədən sonrakı dövr üçün Rusiya və ABŞ xarici siyasətinin təməl fərqi nədən ibarət idi?

-Rusiya öz xarici siyasətini situativ addımlarlar üzərində qurduğu halda, ABŞ hər bir addımını strategiyaya uyğun planlaşdırırdı. Rusiyada belə bir strategiya yox idi, siyasi proseslərə öz münasibətini Rusiya vəziyyətdən asılı olaraq xaotik reaksiyalar verirdi. Qeyd etmək lazımdır ki, hazırda Rusiyanın xarici siyasət strategiyası mövcuddur və bu strategiya milli mənafə və maraqlar nəzərə alınaraq hazırlanıb.

Birazdan Amerika bayrağı üzərində “made in China” yazılacaq.

-Məlumdur ki, ABŞ “yumşaq güc siyasətindən” uğurla istifadə edir, bu diplomatiyanın üstünlükləri nələrdir?

-Əvvəlcə qeyd etmək lazımdır ki, güclü diplomatiya siyasi-iqtisadi gücə arxalanır. ABŞ bu yumşaq güc vasitəsi ilə özünün imperialism siyasətini uğurla aparır, bunu obrazlı şəkildə “mədəni imperialism” adlandırmaq olar. Təbii ki, bu strategiyanın əsasında siyasi konsepsiyalar, Amerikada fəaliyyyət göstərən beyin mərkəzləri və politoloqlar dayanır. Məsələn, politoloq Bzejinski qeyd edirdi ki, əgər biz dünyanı öz təsirimiz altına salmaq istəyiriksə, birinci növbədə öz cinslərimizi dünyaya geyindirməliyik. Maraqlıdır ki, bu gün dünyada “amerikan tərzi” surətlə yayılır, geyim, qida və digər mədəni sahələrdə də insanlar bu tərzə ayaq uydurmağa cəhd edir, bütün dünya ingilis dilini öyrənir. Bu ən başda Amerikanın “yumşaq güc” siyasətinin uğurudur.

-Daha əvvəl qeyd etdiyiniz kimi, güc nisbəti uğrunda mübarizədə ABŞ və Rusiya tək deyil, Çinin bu mübarizədə rolunu necə qiymətləndirirsiniz?

-Bu gün ABŞ iqtisadi gücünə yeganə rəqib kimi Çin iddialıdır. Çin iqtisadiyyatı Yaponiyanı ötüb keçərək Avropa bazarına, ümumilikdə dünya bazarına nəzarəti ələ keçirib. Amerikanların sevimli oyununda istifadə edilən beysbol sopaları da Çində istehsal olunur, bu vəziyyəti ifadə etmək üçün bəzən deyirlər ki, birazdan Amerika bayrağının üzərində də “made in China” yazılacaq. Maraqlıdır, Çin ABŞ-ı əlahiddə güc mənbəyi kimi qəbul etmir, Avrasiyada isə Rusiyanın böyük güc olduğunu qəbul edir və Mərkəzi Asiyada ciddi addımlar atmaqdan çəkinir. Bunun daha bir səbəbi, Çinin Rusiyanın etnomilli faktordan istifadə etməsindən qorxmasıdır. Çin hazırda aktiv siyasətə qoşulmayaraq, daha çox iqtisadi ekspansiya həyata keçirir. Amerikanın vaxt ilə II dünya müharibəsindən sonra yürütdüyü siyasəti Çin bu gün ustalıqla reallaşdırır, bu siyasət Çinin ixtirası deyil. Çox güman ki, iqtisadi ekspansiyanın ardından Çin öz istəklərini gerçəkləşdirməkdən çəkinməyəcək.
Məlumdur ki, Çinin əhalisi surətlə artır, təkcə Rusiyada rəsmi açıqlamalara görə 6 milyon çinli yaşayır, təbii ki, bu demoqrafik amil siyasətə təsirsiz ötüşməyəcək.

Birazdan Amerika bayrağı üzərində “made in China” yazılacaq.

-Geopolitikada “quru hakimiyyəti” – “ dəniz hakimiyyəti” anlayışlarına tez-tez rast gəlirik, lakin tarixdən bizə məlumdur ki, müəyyən dövrlərdə üstünlük gah quru güclərinə, gah dəniz güclərinə keçir, bu üstünlüyü şərtləndirən amillər hansılardır?

-Təbii ki, istənilən dövlət üçün hər iki gücün balanslı şəkildə mövcud olması arzu ediləndir. Dənizə çıxışı olmayan dövlətlərin müharibələrdə çox da uğurlu ola bilmədiyi də artıq məlumdur. Lakin konkret olaraq, bu güclərin birinin digərindən üstün olduğunu demək olmaz. Soyuq müharibədən sonrakı dövr üçün dəniz gücünün daha liberal və dəyişikliklərə tez uyğunlaşa bilməsi, daha praqmatik olması onun üstünlüyə nail olmasına əsaslı təsir etdi. 2011-ci ildə “Ərəb baharı” nda Aralıq dənizinin əhəmiyyəti bu güclərin bir-biri ilə bağlılığını bir daha sübut etdi. Daha sonra Qara Dənizdə ABŞ-ın, NATO-nun təsir qüvvəsinin yüksək olması, Rusiyanı olduqca narahat edirdi. Çünki NATO-nun genişlənməsi ilə Qara Dəniz ABŞ-n daxili dənizinə çevrilə bilərdi. Ukrayna hadisələrində isə aydın oldu ki, əslində Ukrayna geostrateji mövqe baxımdan düşünüləndən daha az əhəmiyyətli imiş, belə ki, Krımın ilhaqı ilə Rusiya Qara dənizdə böyük gücə çevrildi və beləliklə də özünü təhlükədən xilas edə bildi.

-Türkiyə gündəmi son vaxtlar demək olar bütün dünyanı məşğul edir, bu istiqamətdə ABŞ-Türkiyə, Rusiya-Türkiyə, ABŞ-Rusiya münasibətləri də dinamik şəkildə dəyişir, bu dəyişiklikləri necə şərh edirsiniz?

-Birinci növbədə Türkiyənin prioritetlərinə diqqət etmək lazımdır. Son illərdə xüsusilə də Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti dövründə Avropa İttifaqına daxil olmağın əsas məqsəd olduğunu demək olar. Ərdoğan belə hesab edirdi ki, Aİ-yə daxil olmaqla Türkiyə Cumhuriyyəti öz problemlərinin həllinə nail ola bilər, eyni zamanda Avropa məkanında söz sahiblərindən birinə çevrilər. Əhalisinin sayına görə də Türkiyənin Avropada qabaqcıl ölkələrdən olması ilə, gələcəkdə ən çox ittifaqdan datasiya alan ölkələrdən olacaqdı. Lakin Avropa, xüsusilə ABŞ Türkiyənin Yaxın və Orta Şərqdəki manipulyasiya gücündən istifadə edərək, qarşılığında Türkiyənin maraqlarına cavab vermədi. Belə olan halda isə Türkiyə nisbətən daha sərbəst siyasət yürütməyə başladı, Rusiyaya sanksiyalar tətbiq olunan zaman Ərdoğan Putinlə “türk axını” adlı sənəd imzaladı.14 noyabr 2015-ci ildə Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə isə münasibətlər soyuqlaşdı, bu vəziyyət isə Qərbin maraqlarına uyğun idi.

15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədəki ümumi vəziyyət necə dəyişdi?

Türkiyənin prezidentli respublikaya çevrilməsi ölkədənkənar qıcıqların yaranmasına gətirib çıxardı. Əslində məlumdur ki, bu çevriliş cəhdi Türkiyə sərhədlərindən kənarda planlaşdırılmışdı və cəhdin uğurlu ola biləcəyi təqdirdə, Türkiyə də Suriyanın vəziyyətinə düşə bilərdi. Çevriliş cəhdində bir nömrəli təqsirkar hesab edilən Fətullah Gülənin isə ABŞ-da olması Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir etdi. Türkiyənin dərhal Suriyadakı hadisələrə müdaxilə etməsi, İŞİD-ə qarşı mübarizədə böyük uğurlar əldə etməsinə təbii ki, həm Rusiya həm ABŞ özünəməxsus şəkildə cavab verdi.
Əvvala Türkiyə hazırda balanslı siyasət yürüdür, belə olan halda isə öz strategiyasını uğurla həyata keçirə bilir. Rusiyanı narahat edən əsas məqam isə ondan ibarətdir ki, Türkiyə “Azad Suriya Ordusuna” kömək edir ki, bu da Bəşər Əsədi hakimiyyətdə saxlamaqda maraqlı olan Rusiya maraqlarına ziddir.

-Son olaraq, bir politoloq kimi Suriyada baş verən hadisələrlə bağlı hansı proqnozu verirsiniz? Sizin fikrinizcə, Suriya bundan sonra vahid halda birləşə bilər mi?
-Suriyanın yaxın gələcəkdə birləşəcəyinə inanmıram. Hansısa nəticənin əldə olunması üçün regionda maraqlı olan aktorların kompromisə gəlməsi vacibdir. Lakin bir yandan da nəzərə almaq lazımdır ki, məsələnin həllinə verilən təkliflər həm Rusiya üçün, həm ABŞ üçün, həm də Türkiyə üçün əlverişli olmalıdır. Bu isə məsələni daha da çətinləşdirir.

Birazdan Amerika bayrağı üzərində “made in China” yazılacaq.

Aytək Yusifsoy
İnterpress.az