Hələ ki, Azərbaycan tam xalq idarəçiliyinə hazır deyilbackend

Hələ ki, Azərbaycan tam xalq idarəçiliyinə hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı 26 Sentyabr 2016-cı ildə keçiriləcək Referendum haqqında verdiyi açıqlamada bildirib.

-Referendum aktı layihəsinin ictimaiyyətə təqdim olunmasından başlayaraq əsasən bir neçə dəyişiklik və əlavələrin üstündə müzakirələr gedir. Sizin fikrinizcə, hansı maddələrə dəyişikliklər zəruri idi?

-On gündən sonra referendum keçiriləcəyinə görə hər hansı irad və ya təklif verməyin əhəmiyyəti qalmır. Artıq bizim öhdəliyimizə düşür ki, referendumda iştirak edək. Mən istəyərdim ki, referenduma təklif olunan dəyişikliklər daha uzun müddət müzakirə olunsun, müzakirələrdə irəli sürülən qeydlər və fikirlər mümkün qədər nəzərə alınsın. Bu dəyişikliklərin zəruriyyəti xalqa daha ciddi şəkildə izah edilsin, təbliğ edilsin. Təklif edilən maddələrin Azərbaycanın bu günü və gələcəyi üçün əhəmiyyət və yaxud zəruriyyəti daha geniş izah edilsin. Təbii ki, bu referendum aktı layihəsini hazırlayan dairələr buna zərurət və ehtiyac duyduqları üçün təklif ediblər. Amma bu zərurət və ehtiyac yetərincə izah edilmədiyinə görə bu referendum dəyişikliklərinə şübhəli yanaşma meyli artır, bu meyli cəmiyyətdə də müşahisə etmək mümkündür. Bir sıra maddələr sırf redaktə xarekteri daşıyır, məsələn bəzi maddələrdə ifadələrin dəqiqləşdirilməsi aparılmalıdır. Belə dəqiqləşdirmələrə həqiqətən ehtiyac var. Hər halda konstitusiyaya dəyişiklik edilməsi dövlətin tarixində çox ciddi hadisədir. Belə hallar təbii ki, tez-tez baş vermir, müəyyən zərurətdən və ehtiyacdan doğur.
Bəzi maddələrin dəyişdirilməsində elə bir zərurət yoxdur, düşünürəm ki, indiki konstitusiyamız da insan hüquq və azadlıqlarının qorunmasına hər cür imkan verir. Prezidentin səlahiyyət müddətinin dəyişdirilməsinə gəldikdə isə, hesab edirəm ki, beş illə yeddi il arasında elə bir ciddi fərq yoxdur. Məni narahat edən yalnız Milli Məclisin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Milli Məclis yeganə orqandır ki, o xalq tərəfindən formalaşdırılır. Xalqın iradəsi ilə formalaşan orqanın səlahiyyətlərinin məhdudlaşdırılması, bir neçə pillə aşağıya çəkilməsi, məncə bizim dövlətçilik ənənələrimizə zidd bir prosesdir. Çünki Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir və həmin cumhuriyyət parlamentli respublika idi. Bunlardan əlavə bir sıra xırda görünən, redaktə səhvi olan maddələr var. Məsələn 32-ci maddədə “məlumatların dairəsi və onların emalı”, başqa bir yerdə “məlumatların emalı” ifadələri var. Emal bir sənaye terminidir, emal sənayesi deyilən bir anlayış var. Bunun əvəzinə məlumatların yığılması, hazırlanması, istifadəsi kimi anlayışlar var. Həmçinin lokaut ifadəsi var ki, bu xalq tərəfindən anlaşılmayan sözdür. Bu sözün isə qarşılığı ana dilimizdə yazılmalıdır və.s.
Xalqın başa düşmədiyi hər hansı bir söz bizim konstitusiyamızda olmamalıdır. 60-ci maddədə hüquq və azadlıqların inzibati və məhkəmə təminatından söhbət gedir. Orada “məhkəmə prosesində ağlabatan müddətdə baxılsın” deyə bir ifadə var. Ağlabatan sözü hüquqi ifadə deyil, bir məhkəmədə bu ağlabatan məsələ bir il də ola bilər beş il də beş gün də. Bütün bünlar başqa hüquqi terminlərlə əvəz edilməlidir. Bəzi fikirlərin tərcümədən gəldiyi hiss olunur, konstitusiyanı hazırlayanların dilimizə yetərincə hakim olmadığı görünür. Belə məsələlər mənim üçün vacibdir, çünki konstitusiya-ana yasa əsas qanundur, o həm dil baxımından, həm insanların hüquq və azadlıqları, həm də dövlətin təhlükəsizliyi baxımından hər şey nəzərə alınmalıdır.

-Müxalifət də bu məsələlərlə müəyyən reaksiyalar verir, aksiyalar keçirir. 11 sentyabr tarixində keçirilmiş aksiyanı bu baxımdan necə qiymətləndirirsiniz?

-Mitinq keçirmək siyasi partiyanın və vətəndaşın hüququdur. Hüquq normaları çərçivəsində hər kəs öz fikrini ifadə edirsə, mitinq keçirirsə buna mən normal hal kimi baxıram və bu mitinqlərə kölgə salmağın tərəfdarı deyiləm. Aksiyaya yığışanlar da bizim vətəndaşlarımızdır, öz vəziyyətindən, dolanışıq imkanlarının məhdudluğundan narazı olan insanlar cəmiyyətdə çoxdur və bu insanların böyük bir hissəsi Azərbaycan Respublikasının təhlükəsziliyini düşünərək mitinqlərə qoşulmurlar. Narazı qüvvələr şübhəsiz ki, mitinqə gedənlərdən qat-qat artıqdır. Bizim partiyamız belə mitinqlərə qatılmır, amma biz qatılmırıq deyə, mən bu aksiyalara kölgə salmaq niyyətində deyiləm. Müəyyən partiyalar AXCP, Müsavat, Milli Şura mitinq keçirirlər və mən də buna normal baxıram.

-Referenduma etiraz aksiyasında referendumla bağlı yox daha çox, başqa məsələlərlə bağlı da şüarlar səsləndirildi, aksiya keçirənlərin tək məqsədi referenduma etiraz etməkdir?

-Bizdə ümumiyyətlə belə bir ənənə formalaşıb ki, partiya üzvləri başqa cinayətlər üstündə tutulanda da həmin insanlara siyasi məhbus adı verilir. Öz milli kimliklərinə Erməsitanın siyasəti nəticəsində öz yerlərindən qaçqın düşümüş bir miyon beş yüz mindən artıq əhalimiz var. Mən deyərdim ki, onda belə insanlar da siyasi məhbusdur. Məncə, hər hansı bir fikrinə, fəaliyyətinə görə həbs olunan insanlardan elə bir fərqi yoxdu. Belə bir yanaşma çoxları tərəfində qəribə görünə bilər, ancaq mən belə düşünürəm ki, insan haqlarının qorunub, millət haqlarının gözardı edilməsini qəbul edə bilmirəm. Siyasi partiyaların da mitiqdə öz fikirlərinə görə həbs olunmuş şəxsləri müdafiə etməsi təbii haldır. Cəmiyyəti tamamilə müdafiəsiz təsəvvür etmək olmaz.

-Mitinq təşkilatçılarının xarici mənbələrdən maliyyələşdirildiyi iddialarına necə baxırsınız?

-Mənim bu barədə heç vaxt araşdırmam olmayıb və bu barədə heç bir faktım yoxdur. Ola bilsin ki, bu iddia sahiblərinin əlində müəyyən bəlgələr, əsaslar var ki, belə danışa bilirlər.

-MDB məkanında belə dəyişikliklərin intensivliyi çoxalıb, məsələn Türkmənistanda da prezidentin səlahiyyət müddəti ilə bağlı dəyişikliklər edildi. Bu dəyişikliklər region üçün ümumi bir zərurətin yarandığındanmı xəbər verir?

-Mən düşünürəm ki, Azərbaycan Avropa məkanına inteqrasiya etmiş bir ölkədir və onu Mərkəzi Asiya ölkələri ilə müqayisə emək çox çətindir. Azərbaycan Avropa həyat tərzinə daha yaxın bir ölkədir, istər daxili münasibətlər, istərsə də qanunvericiliyi ilə. Təəssüflər olsun ki, dövlətimiz müharibə şəraitindədir və buna görə də mərkəzləşdirmənin gücləndirilməsinə ehtiyac var. Buna görə də bəzən biz demokratik prinsiplərlə bir araya sığmayan addımlar atmağa vadar oluruq. Bu vəziyyətin nə qədər davam edəcəyi də bəlli deyil. Hakimiyyətin bir mərkəzin əlində toplanmasına ehtiyac yaranır, hələ ki, Azərbaycan tam xalq idarəçiliyinə hazır deyil.

Aytək Yusifsoy

İnterpress.az