Müxalifət başsağlığı üçün İsrail səfirliyinə gedəcəkbackend

Müxalifət başsağlığı üçün İsrail səfirliyinə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 30-da Təl-Əvivdə dəfn edildi. Mərasimdə ABŞ prezidenti Barak Obama ilə yanaşı bir sıra dövlət xadimləri iştirak edib. Dəfn mərasiminə Azərbaycanın nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinə baş nazirin müavini Elçin Əfəndiyev rəhbərlik edib.

Ş.Peresin vəfatı münasibətilə prezident İlham Əliyev isə Bakıdakı İsrail səfirliyinə gedib başsağlığı verib.

Müxalifət partiyalarından başsağlığı üçün İsrail səfirliyinə gedənin olub-olmadığını araşdırdıq.

ADP sədri Sərdar Cəlaloğlu başsağlığı vermək üçün İsrail səfirliyinə getmədiyini və getmək fikrində olmadığını dedi. Səbəbini isə belə izah etdi: “İsrail səfirliyi Azərbaycanda fəaliyyətə başlayandan indiyə qədər bir dəfə olsun Azərbaycan müxalifəti ilə hər hansı təmas qurmayıb. Azərbaycan müxalifətinin nə problemləri ilə maraqlanıb, nə bir siyasi əməkdaşlıq təklif edib. Birinci səbəb budur. İkincisi, Şimon Peres hakimiyyəti dövründə İslam aləminə qarşı, türk dünyasına qarşı açıq-aşkar bir düşmənçilik siyasəti aparıb. Milyonlarla insanın öz ölkəsini tərk etməsinə, eləcə də çoxlu sayda müsəlmanın məhv olmasına gətirib çıxaran siyasət yürüdüb. Bütün bunlar onu göstərir ki, bu adamın siyasi fəaliyyəti bizim üçün və dünya üçün elə bir müsbət əhəmiyyətə malik olmayıb. Müsbət əhəmiyyətə malik olsaydı, Peresin də ölümünə Nelson Mandelanın, bəzi ABŞ prezidentlərinin ölümü kimi reaksiya verərdik. Peres öz ölkəsi üçün hər şey etmiş siyasətçi sayıla bilər. Lakin öz ölkəsi üçün hər şey edərkən başqalarının hüquqları pozulub, yaşamaq hüquqları belə əlindən alınıb. Biz siyasi müxalifət olaraq o insanların vəfatına xüsusi münasibət göstəririk və xatirəsini yad edirik ki, onların fəaliyyəti bizim apardığımız demokratiya və azadlıq uğrunda mübarizəyə bu və ya başqa şəkildə uyğun olsun. Biz sağlığında Peresin hansı siyasətini dəstəkləyirdik ki, bu gün vəfatına görə də gedək İsrail səfirliyinə başsağlığı verək?!”

S.Cəlaloğlunun fikrincə, Azərbaycan hakimiyyətinin Ş.Peresin dəfn mərasiminə baş nazirin müavinini göndərməsinin də səbəbləri var: “Bir neçə səbəbləri var. Eldar Mahmudovun ölkədə dövlət çevrilişinə hazırlaşdığı və İsraillə əlaqəsi olduğu ilə bağlı məlumatlar yayılmışdı. Görünür, bu məlumatlarda həqiqət payı var imiş və hakimiyyət də bundan narazı qalıb. İkinci səbəb odur ki, Azərbaycan hakimiyyəti İran, Türkiyə və Rusiya ilə sıx əməkdaşlıqdadır. Hər üç ölkənin bu gün İsraillə münasibətləri soyuqdur. Ola bilsin ki, hakimiyyət bu üç dövlətin münasibətini nəzərə alaraq Peresin dəfnində daha yüksək səviyyədə təmsil olunmamağa üstünlük verib”.

Müsavat Partiyasından isə bildirildi ki, rəhbərlikdən İsrail səfirliyinə gedən olmayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, İsrail səfirliyinə gedib Peresin vəfatı ilə əlaqədar başsağlığı verəcək.

İ.Ağazadə hesab edir ki, Azərbaycanın baş nazirin müavini səviyyəsində Peresin dəfn mərasiminə qatılması İsrail dövlətinə bir sıra müsəlman dövlətlərinin məlum münasibəti ilə bağlı ola bilər: “Rəsmi Bakı ehtiyatlı mövqe tutur. Hesab edirəm ki, əslində bu doğru mövqe deyil. Azərbaycan İsraillə daha sıx münasibətlər qurmalıdır”.

VİP sədri Əli Əliyev qeyd etdi ki, Şimon Peresin xatirəsini yad etmək üçün İsrail səfirliyinə gedəcək: “Şimon Peres dünya siyasətinin mogikanlarından, dünya siyasətində özünəməxsus ağırlığı olan siyasətçilərdən idi. İsrail-Fələstin münasibətlərində ”2 millət, 2 dövlət\” formulunun müəllifi kimi yadda qalıb. Yaxın Şərqin ən əski probleminin çözümündə bu formul barışın və sabitliyin əldə olunması üçün çox münasib ola biləcək düstur idi. Təəssüf olsun ki, bu gün tərəflər o mövqedən xeyli uzaqlaşıblar. Bugünkü İsrail siyasətçiləri Peresin mövqeyinə yaxınlaşa bilmir, ictimaiyyət isə Peres kimi birisini müəyyənləşdirə bilmir. Peresin dəfni bu gün 70 dövlətdən rəsmi heyətlərin iştirakı ilə keçirildi. İsrailin Bakıdakı nümayəndəliyinə getməyi düşünürəm. İsrail bir çox məsələlərdə Azərbaycanın rəsmi portnyoru qismində çıxış edir. Aprel döyüşlərində İsrail texnikasının köməyindən yararlandıq. Dünyanın aparıcı dövləti ABŞ-dakı yəhudi lobbisinin yardımından Dağlıq Qarabağ və digər müşküllərimizin həllində istifadə edilmə potensialı çox yüksəkdir. Azərbaycanda yaşayan, xalqımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş yəhudi mənşəli əhalimizə hörmət, Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Albert Araqunovun xatirəsinə ehtiram əlaməti olaraq, dünyasını dəyişmiş yəhudi siyasi liderinə sayğı nümayişini maraqlarımıza uyğun görürəm\”.

Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

İnterpress.az