İtkin düşən neftçilərin axtarışına 700-dən çox canlı qüvvə cəlb edilibbackend

İtkin düşən neftçilərin axtarışına 700-dən çox canlı qüvvə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Xəzərdə itkin düşmüş neftçilərin axtarılması üçün yaradılmış Axtarış-xilasetmə Qərargahından məlumat verilib.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış – xilasetmə əməliyyatları uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilir.

Axtarış – xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər – Zirə (Bulla) adasına sahiliboyu baxış həyata keçirib. Bundan əlavə Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da xilasetmə əməliyyatlarına cəlb olunub.

Əməliyyatlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv şəkildə davam etdirilməkdədir.

İnterpress.az