Yeni ildə əfv sərəncamı olmaya bilərbackend

Yeni ildə əfv sərəncamı olmaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə bir həftə qalır. Hər il bu vaxtlar əsas mövzulardan biri də əfv sərəncamı ilə bağlı olur. Bu il də eyni situasiyadır; ayın əvvəllərindən Yeni il ərəfəsində əfv sərəncamı imzalanacağı haqda xəbərlər vardı.

Amma bugünədək nə Əfv Komissiyası üzvləri, nə də hüquq müdafiəçiləri səviyyəsində bununla bağlı konkret fikir bildirilməyib. Bu isə o anlama gəlir ki, son illərdə Yeni il ərəfəsində ənənə halını alan əfv sərəncamı bu il olmaya bilər.

İnterpress.az xəbər verir ki, əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında əfv sərəncamının verilməyəcəyinin dolayısı ilə anonsunu verdi: “İndiyə qədər Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamları imzalanıb. Amma bu daimi xarakter alan proses olmayıb. Bu o zaman baş verirdi ki, həmin illər əfv sərəncamı olmurdu. Amma bu il bildiyiniz kimi mart ayında əfv sərəncamı imzalanıb. Daha sonra isə amnistiya aktı imzalandı. Onu da qeyd edim ki, vaxtından əvvəl şərti azadlığa buraxılma ilə bağlı Ədliyyə Nazirliyində komissiya da yaradılıb. Həmin komissiyanın rəyi ilə çoxsaylı məhbus azadlığa çıxıb. Bu il ərzində Azərbaycanda cəza sisteminin müasirləşdirilməsi istiqamətində yetərincə addımlar atılıb və işlər davam etməkdədir. Bu amillər əfv sərəncamının verilməsini ertələyə bilər. Bu cənab prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Ölkə başçısı tərəfindən müəyyən edilir ki, nə zaman sərəncam verilsin. Bu baxımdan əfvin olub-olmaması ilə bağlı qəti fikir söyləmək doğru olmaz. Amma ona inanıram ki, cənab prezident tərəfindən növbəti ildə əfv sərəncamının verilməsinin şahidi olacağıq. Ehtimallarla danışmayaq. Unutmayaq ki, bu il ərzində verilən qərarlarla 13 mindən çox məhbus azad olunub. Proseslər davamlı xarakter daşıyır. Əfv Komissiyasının katibliyi daimi işləyir. Eyni zamanda, Prezident Aparatında hüquq mühafizə orqanları ilə iş şöbəsində əfv sektoru da daimi işləyir. Mütəmadi olaraq, məhbuslar tərəfindən müraciətlər daxil olur və bu istiqamətdə işlər gedir. Cənab prezident bu il müstəsna hüququndan istifadə edib, bir də nə zaman istifadə edəcəyi onun iradəsindən asılı məsələdir. Hər zaman öz vətəndaşlarına qarşı humanizm göstərməkdə ölkə başçısı davam edir”.

İnterpress.az