“Belə mafiyoz şeyxi, mollası olan ölkədə…”backend

“Belə mafiyoz şeyxi, mollası olan ölkədə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan mediasında və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu Bakıda üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilməməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Çox utncverici, tükürpədici və rüsvayçı olaydır.

Bir din yazarı (təbliğatçısı) olaraq bu olaya münasibət bildirmək qərarına gəldim. Olayın mahiyyəti və məğzi ondan ibarətdir ki, rəhmətə getmiş bir nəfərin varisi (oğlu) öz valideynini Yasamal qəbristanlığında dəfn etmək istəyib. Bu məqsədlə əvvəldən hasara aldığı qəbir yerində qəbirin qazılmasını və içərisinin daşla hörülməsini qəbristanlıq “darğa”larına sifariş edib. Cənazəni basdırmağa gətirəndə “darğa” ayağın qoyub cənazənin üstünə, deyib bu qəbri qazdığıma və içərisini daşla hördüyümə görə mənə filan qədər borcun var, onu ödəməmiş icazə vermirəm ki, ölünü basdırasan!

Neçə gündür ki, olayı müzakirə edən KİV və sosial media qəbristanlıq “darğa”larını yıxıb sürüməkdədirlər və onların qansız, zalım və rəhimsiz olduqlarını tirajlayırlar…
Demirəm ki, səhv yazırlar; yazdıqları düzdür. Həqiqətən də Bakı şəhərində qəbristanlıqları bir qurup zalım və nadanlar zəbt ediblər və (ermənilər qarabağı işğal edən kimi) insanlara zülm etməkdədirlər. Küllü miqdarda bac-xərac almasalar ölünü öz ərazilərinə (işğal etdikləri məhəlləyə) buraxmırlar. Bu hamıya bəllidir.

Məsələ burasındadır ki, hamı qəbristanlığı işğal edənləri qınasa da mən bir din yazarı olaraq ölü sahiblərini qınayıram! Nəyə görə? Ona görə ki, bizim dinimizdə, onun qanunlar kitabı olan “Quran”da belə bir tapşırıq yoxdur ki, ölünü mütləq Yasamal qəbristanlığında basdırın və yaxud mütləq qəbrin içərisində tikinti (sərdabə) tikin, üstünə bahalı daşlar düzün. Əksinə, Allah bunları qadağan edib. Ölünü basdırmağın mahiyyəti odur ki, şəxsin ruhu Allah dərgahına getdiyi halda cəsədi torpağın altında çürüsün. Cəsədin torpaqda, yaxud, daşdan, qızıldan tikilmiş sərdabədə çürüməsinin bir fərqi varmı? Elə isə, insanın cibində pulu yoxdursa niyə qəbrin içərisini daşla hörülməsini sifariş verməlidir? Yaxud, qəbri niyə özü (qohumları) qazmayıb, başqasına sifariş etməlidir? Bunu hansı dinə, hansı kitaba əsasən edirlər (sonra da tikintinin pulun ödəyə bilməyib, cənazəni ora-bura sürüyürlər; ölənin ruhun incidirlər)?! Torpağın altında sərdabə (tikinti) tikib, ölünü orada basdırmaq hansı dinin şəriətindədir? Deyin biz də bilək!? Bu dinsizlikdir! “Dinsizin öhdəsindən imansız gələr” el məsəli var. Ona görə də qəbristanlıqları işğal edib ölülərdən xərac alan zalımlardan din, iman tələb edərkən bir özümüzə də sual etməliyik: özümüz o dinə, onun qaydalarına riayət edirikmi?
Bu olay ona bənzəyir ki, cibində üç manatı olan biri restorana girir və həmin pula sup alıb içə biləcəyi halda, görür ki, başqa stolda bir imkanlı adam kürü, kabab yeyir; bu da deyir mütləq mən də ondan yeməliyəm. Cibində pulu olmadığı halda bahalı yeməkləri sifariş verir. Nəticədə hesabı ödəyə bilmədiyindən girov götürülür və el içndə rüsvay (urvatsız) olur.

Məni yandıran məmurların rüşvətxorluğundan, mollaların nadanlığından çox insanların şüursuzluğudur. Nə qədər ki, insanlarımızın “Quran”dan, dindən, şəriətdən xəbərləri yoxdur mollalar və məmurlar onları istismar edəcəklər (bu təbiidir).
Yadıma Qabilin Habili öldürməsi və günlərlə səhrada ora-bura sürüməsi düşdü. Sonda Allah qarğa vasitəsi ilə onu başa saldı ki, ölünü torpağa basdırarlar. Qabil əllərin başına çırpıb dedi: \”Kül mənim başıma ki, qarğa qədər də ağlım yoxdur…\” Bakıda yaşanan bu olay eynən Qabilin halına bənzəyir, aradan milyon illər keçməsinə baxmayaraq yenə də insanlar ölülərini basdıra bilməyərək ora-bura sürüyürlər…

Oxucuda sual yaranacaq ki, belə situasiya ilə qarşılaşan müsəlman nə etməlidir?
Yadımızdan çıxarmayaq ki, gündə neçə-neçə insan müharibə, tufan səbəbindən dünyasını dəyişir və torpağa tapşırılmır. Bu o demək deyil ki, torpağa basdırılmayanların ruhu Allah dərgahında yüksək məqam qazanmır. Bəlkə onların arasında elələri var ki, torpağa basdırılanlardan daha üstündür? Düzgünün Allah bilər. Yəni, Yasamal qəbristanlığında basdırılmamaq (qəbrin içərisini daşla hörməmək) şəxsin nüfuzuna xələl gətirməz. Allah torpağa qoyulmağı tövsiyyə edib. Bunun qəbristanlıq torpağımı, yaxud, hansısa dağ, meşə torpağı olması fərq etmir. əgər qəbristanlıqlar düşmənlər (zalımlar) tərəfindən zəbt olunubsa və onların qoyduğu şərtlər bizi qane etmirsə, onda biz öz ölülərimizi Allahın zəbt olunmayan digər torpaqlarında (dağda, meşədə, səhrada…) yerə basdırmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, cəsəd yerə çürümək üçün basdırılır; istiahət etmək üçün basdırılmır ki, yerin altında ona nə isə bir tikinti tikək, şərait quraq… Əgər bizlər bunu dərk etsək, molla mafiyasının işğal etdikləri qəbristanlıqlardan imtina etsək, rəhmətə gedənlərimizin cənazəsini Allahın başqa torpaqlarında (dağda, meşədə…) basdırsaq onda onlar camaatın ayıldığını görüb bu biznesdən imtina edəcəklər.

Bu mafiya xalqın avamlığından və dindən bixəbərliyindən istifadə edib hüzür məclislərində də camaatı soymaqla məşğuldurlar. Xalqın beyninə yeridirlər ki, guya onlar məclisdə nə özlərinin, nə də xalqın başa düşmədiyi bir dildə “qart-qurt” etməsələr ruh cənnətə getməz. Mütləq böyük bir məbləğ müqabilində “Quran” xətm olunmalıdır və yxud “Ya Sin” oxunmalıdır.
Yeri gəlmişkən, “Quran” üzərində hesablamalar aparmağıma, əsirlərdir açılmayan sirləri açmağıma baxmayaraq, ərəbcə bir hərf belə tanımıram və heç bunu vacib də bilmirəm. Çünki, bizim gözəl alimləriimiz var və onlar Allahın kitabını bizim üçün tərcümə ediblər. “Quran”ın mahiyyətini anlamaq istəyən, ondan yararlanmaq istəyən bu tərcümələri oxuyub, mümkün qədər orada yazılanlara əməl etməlidir. Əcdadlarımızın ruhunu yad etmək üçün bu kitabı xətm etməyə, “Ya Sin” oxumağa gərək yoxdur. Mən bu məqsədlə hər namazda onların (eləcə də peyğəmbərlərin, imamların, Allah dostlarının) ruhlarına salam və salavat göndərirəm, yaxud məzarları başında “Fatihə” və “İxlas” surələrini oxuyuram. Onların günahlarını bağışlatmaq üçün bir gözəl əməl edəndə Allaha dua edirəm ki, qazandığım savabdan valideynlərimin də dəftərinə yazsın. Çünki, onlar məni dünyaya gətirməsəydilər, mən də bu gözəl əməli etməyəcəkdim.
Əgər insanlar hamısı əcdadlarının ruhlarını özləri yad etsəydilər, ölülərini özləri quyu (qəbir) qazıb basdırsaydılar molla sinfi aradan çıxardı; digər mafiyalarla birləşib xalqı istismar etməzdilər. Mollalar bunu dərk etdiklərindən xalqın oyanmasına və bir çox sirlərin açılmasına imkan vermirlər. Bu səbəbdən də heç vaxt məclislərdə “Quran”ı tərcümədən oxumurlar.
Belə mafiyoz şeyxi, mollası olan ölkədə meyidin günlərlə ortada qalması təbiidir… (moderator.az)

Paşa Yaqub,
Yazıçı, psixoterapevt