Vladimir Putin, həmçinin “Tu-154” təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə əlaqədar Baş nazir Dmitri Medvedevin başçılığı ilə dövlət komissiyasının təşkil olunması barədə tapşırıq verib.
Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergey Kalaşnikov jurnalistlərə deyib ki, qəzaya uğramış təyyarə 33 ildir istismardadır. Lakin təyyarənin texniki nasazlığı onun uzunmüddətli istismarı ilə əlaqədar deyil.
Qəzaya uğramış “Tu-154” təyyarəsi 1983-cü ildə istehsal olunub, ümumilikdə 6689 saat uçub. Sonuncu dəfə 2014-cü ildə təmir edilib, bu ilin sentyabrında planda nəzərdə tutulmuş yoxlamadan keçib.
Rusiyanın federal telekanalları hadisə ilə bağlı proqramlarında dəyişiklik edərək əyləncəli proqramları efirdən çıxarıblar.
Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı əraziyə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və dərin sularda axtarış aparılması sahəsində təlim keçmiş dalğıcları yola düşüblər.
FHN-in məlumatına görə, mütəxəssislər dərin sularda işləmək üçün avadanlıq, səyyar barokameralar və suyun altında idarə olunan “Falkon” aparatları ilə təchiz olunublar. Hazırda qəza yerində altı gəmi işləyir. Xilasetmə işlərinə daha üç gəminin cəlb ediləcəyi gözlənilir. Qəzada həlak olanların dördünün meyiti tapılıb.
Rusiya Müdafiə Nazirliyinin qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 sərnişin olub. Müdafiə Nazirliyi təyyarədə olan sərnişinlərin adlarını öz saytında yerləşdirib.
İnterpress.az