İnterpress.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tanınmış müəllimi, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.
Xalq yazıçısı Anarın mərhum şair İlyas Tapdıqla vida mərasimində çıxış etməməsindən hiddətlənən Rəşid Mahmudov daha sonra bunları bildirib:
“Bəlkə rəhmətlik İlyas Tapdıqla Anar müəllimin nə vaxtsa arası dəyib və ya Yazıçılar Birliyinin böyükləri ilə arası olmayıb. Amma ölümün buna dəxli olmamalıdır. Kim olduğundan asılı olmayaraq Azərbaycan xalqının nümayəndəsindən, Azərbaycan şairindən inciməyə heç kimin haqqı yoxdur. Anar müəllim o mərasimə “pokazuxa” üçün gəlmişdi, yəni televizor çəksin və dövlət adamları bilsinlər ki, bu adam da ora gedib.
Çox pis vəziyyət yarandı orda və mənə çox çox pis təsir etdi Anar müəllimin hərəkəti. Şairi belə dəfn etməzlər, çox ayıbdır! Ölüdən də qisas alarlarmı?! Azərbaycan millətini sortlara da bölürlər artıq. Qohumbazlığı, yerlibazlığı ölülərə də siraət etdirirlər, gədəbəylidir, şəmkirlidir, qazaxlıdır deyə ayrı-seçkilik edirlər. Belə şey ola bilərmi?! Bir ziyalı olaraq qınayıram bu halı və o adamları! Şairi belə dəfn etməzdilər!”
R.Mahmudov sonda aidiyyati qurumlara mesaj da göndərib:
“İlyas Tapdıq Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının dəyərli şairi idi. İlyas Tapdıq üzdə olan adam idi, vətən üçün, xalq üçün, dövlət üçün, dövlətçiliyimiz üçün çalışan insan idi.
İlyas Tapdıq elə-belə adam, belə ögey münasibətə layiq, adi şair deyildi axı… İlyas Tapdıq vicdan deməkdi, ədalət deməkdi, düzgünlük deməkdi, ziya deməkdi, nur deməkdi, kasıbın tərəfdarı olan deməkdi, insanların əlindən tutuan deməkdi, şairiliyi öyrədən deməkdi. İlyas Tapdığın son günündə dövlət tərəfindən heç nə edilməməsi, ona belə qiymət verilməsi hər birimiz üçün ağır oldu.
İnterpress.az
Xahiş edirəm səsimizi yuxarı instansiyalara çatdırasınız ki, ölüdən qisas almazlar!”