Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Əmrə əsasən, bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
İnterpress.az