Məktəb rəhbərliyinin yaydığı məlumata görə, 06 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12(on iki) nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” adlanan verilişin aparıcısı Azər adlı birisi, onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olub, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatlıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib. Məlumat üçün bildiririk ki, hazırda məktəbin dörddə-üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından məktəb üçnövbəli rejimdə işləyir”.
Aparıcı Azər Zahid A24.Az-a yayılan məlumatların tamamilə reallıqdan uzaq olduğunu bildirdi. Onun sözlərinə görə, əgər məktəb rəhbərliyi hansısa neqativ halların yaşandığını iddia edirsə, məktəbdə çəkiliş aparan təhlükəsizlik kameralarının görüntülərini təqdim edə bilərlər:
“Bizim özümüzün əlimizdə məktəbdə baş verən bütün proseslərin kadrları var. Bizim uşaqlarla, yaxud başqa personalla nə işimiz var? Şamaxıda bizə əl qaldırıb kameralarımızı qıranda biz əlimizi də tərpətmədik. Biz gedib təhsil olacağında uşaq itələyərik? Bizim işimiz iaşə məkanındakı sanitar qaydalardır. Onlar özləri günahkardırlar. Mənə müxtəlif yollarla (qohum-əqraba və ya tanışlarla) yaxınlaşmaq, görüşmək istəyirlər. Mən isə qəbul etmədiyim üçün belə addım atırlar. Hətta orada mənə özünü təqdim etməyən müəllimlərdən biri “bambılı” dedi. Mən isə ona “sizin şagirdlərə necə bir dərs anlatdığınız buradan məlumdur” dedim. Ayaqyolunu çəkərkən müəllimlərdən biri bizə qarşı əl-qol hərəkətləri etdi”.
Aparıcı onu da qeyd etdi ki, məktəblə bağlı bütün qeydə alınan hamısı çərşənbə axşamı efirə veriləcək: “Axı məktəbdə hər birimizin yaxınları təhsil alır. Kadrlarda da var, elektrik “şiti”nın qapağı açıq idi. Birdən hansısa bir şagirdi cərəyan vursaydı, necə olacaqdı? Mətbəxi açmadılar. Deyirlər ki, bu yanlışları ictimailəşdirmək olmaz. Mən də deyirəm ki, qardaş bura qapalı səhmdar cəmiyyət deyil ki… Ayaqyolu pis qoxuyurdu. Bütün bu yanlışları aradan qaldırmaq əvəzinə bizə qarşı təbliğatlar aparırlar”.
İnterpress.azhttps://youtube.com/watch?v=yrAzarbpwqM