Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakim təqsirləndirilən şəxsdən ittiham aktının sürətini və digər məhkəmə sənədlərini alıb-almadığını soruşub.
Fuad Əhmədli ittiham aktını aprelin 10-da aldığını deyib. Hakim F.Əhmədlinin sənədləri alması ilə bağlı qəbzin məhkəməyə çatmadığını elan edib.
Buna görə də hazırlıq iclasının davamını aprelin 25-ə təxirə salınıb.
Bildirək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir. ( musavat.com )
İnterpress.az