İnterpress.az xəbər verir ki, məbləğin yarısı ABŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşlarına gedəcək, digər yarısı isə prezidentin Nyu-York və Floridadakı Mar-a-Laqo iqamətgahı və özünün orada olduğu zaman təhlükəsizliyinin təmin olunması üçün xərclənəcək. Trampın ilk 100 günü üçün çəkilən xərclərə nəzər yetirdikdə görünən odur ki, prezidentin mühafizəsi, özünün və ailə üzvlərinin səyahətlərinə çəkilən xərclər federal büdcəyə ucuz başa gəlmir.
Bu həftə Konqresdə 120 milyon dollar ayırmağa görə səsvermə keçiriləcək. Qanunverciliyə əsasən 60 milyon dollar ABŞ xüsusi xidmət orqanına ödəniləcək. Bu məbləğin 34 milyon dolları maliyyə ilinin sonuna qədər prezident və ailəsinin mühafizəsi üçün nəzərdə tutulub. Trampın ailəsi böyükdür, ona görə də səyahət etməyi çox sevən prezidentin özünün, eyni zamanda Nyu-Yorkda oğlu ilə “Trump Tower”da bərabər yaşayan birinci ledinin, onunla tez-tez səyahətdə olan qızı İvankanın, habelə oğullarının mühafizəsi xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təmin edəcək. Qalan 23 milyon dollar isə “Trump Tower” binasının təhlükəsizliyini qoruyan xidmət əməkdaşlarına və orada qaldıqları üçün “Trump Tower”-a kirayə puluna görə ödəniləcək.
Bundan əlavə, yerli hakimiyyət də ailənin mühafizəsini təmin edən əməkdaşlar kifayət qədər böyük məbləğdə vəsait alacaqlar. Bütün bunlara görə ilkin olaraq ümümi xərclər üçün maliyyə ilinin sonuna qədər 61 milyon dollar nəzərdə tutulub. Maraqlıdır ki, seçkilərdən qabaq Tramp çox işi olacağını dilə gətirərək nadirən Ağ Evi tərk edəcəyini və tətil üçün uzağa getməyəcəyini bildirmişdi. Lakin Trampın yalnız ilk 100 günündə Mar-a-Laqoya etdiyi mütəmadi səyahətlərlə əlaqədar mühafizəyə ayrılan xərclər 20 milyon dolları keçib. 2012-ci ildə Tramp Tvitter hesabından Obamanı bədxərcliklə qınamışdı. Qeyd edilməlidir ki, Obamanın 8 illik hakimiyyəti dövründə onun şəxsi səyahətinə görə cəmi 97 milyon dollar xərclənib. Görünən odur ki, Tramp bu qrafiklə Floridaya, habelə xanımını və oğlunu görmək üçün Nyu-Yorka getsə Obamanın 8 illik mühafizəsi üçün ayrılan məbləği elə birinci ildən ötüb keçəcək. (musavat)
İnterpress.az