İnterpress.az BBC-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Rex Tillerson BMT-nin baş katibi ilə şəxsi söhbətində Suriyanın taleyinin indi tamamilə Rusiyanın əlində olduğunu deyib.
Məqalədə Foreign Policy məcmuəsinə istinadən deyildiyinə görə Rex Tillerson Dövlət Departamentində keçən şəxsi görüşdə Antonio Guterres-ə bildirib ki, ABŞ İŞİD-ə qarşı missiyasını məhdudlaşdırmağa başlayıb.
Bu söhbətdən xəbərdar olan azı üç diplomatik mənbə bildirib ki, Tillerson ABŞ-ın Suriyaya dair Cenevrə konfransına sadiq qaldığını deyib. Lakin dövlət katibi əlavə edib ki, Qərbin Suriyada keçid hökuməti yaratmaq cəhdlərinə baxmayaraq Suriyanın gələcək taleyi Rusiyanın əlindədir.
İddia edildiyinə görə Rex Tillerson söhbət zamanı bunu da deyib ki, ABŞ-ın kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün məhdud taktikası və onun Suriyada İslam Dövlətinə qarşı döyüşən qüvvələri dəstəkləməsi, Əsəd hökumətini zəiflətmir və müxalifətin danışıqlardakı mövqeyini möhkəmlətmir.
Newsweek məcmuəsi yazır ki, dövlət katibinin BMT-yə bu mesajı Rusiya və ABŞ arasında Suriyaya görə \”söz müharibəsindən\” sonraya təsadüf edib.
ABŞ və Rusiya arasında Suriyada kommunikasiya kanalının mövcud olmasına baxmayaraq ötən iyun ayında Birləşmiş Ştatların döyüş təyyarəsi Rusiyanı xəbərdar etmədən Suriya hərbi təyyarəsini vurub salmışdı.
Bunun ardınca Əsədlə müttəfiq olan Moskva bildirmişdi ki, bu insidentdən sonra Rusiya hərbiyyəsi ABŞ təyyarələrini \”hədəf\” hesab edəcək.
İnterpress.az