“Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur”backend

“Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev bildirib.

R.Rzayev deyib ki, bu məsələ Prezident İlham Əliyevin Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı da müzakirə olunub:

“Görüş zamanı bu məsələyə də toxunuldu və dövlətimizin başçısı bu mövzuda da mövqeyini bildirdi. Bu saziş Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Ümumiyyətlə, həmin görüş zamanı cənab Prezident ölkəmizin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı, Azərbaycanın hansı istiqamətdə və necə inkişaf etməsi barədə fikirlərini bildirdi”.

Deputat qeyd edib ki, Azərbaycan Avropa institutları ilə işləməyə hər zaman hazırdır:

“Ancaq bəzi Avropa institutlarının Azərbaycana qarşı qərəzli mövqeyi, ikili standartların mövcudluğu ölkəmizin haqlı olaraq narazılığına səbəb olub. Avropalı qonaqlarla görüş zamanı cənab Prezident də bildirdi ki, Azərbaycan beynəlxalq aləmə açıq ölkədir və dünya dövlətləri ilə ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində bütün imkanlarından istifadə edir. Azərbaycan digər dövlətlərlə qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında əlaqələr qurur. Ona görə də beynəlxalq təşkilatlar qarayaxma kampaniyasından, ikili standartlardan əl çəkməli və işğalçını öz adı ilə adlandırmalıdırlar”.
R.Rzayev söyləyib ki, heç bir dövlətin, heç bir qurumun Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur və olmamalıdır:

“Biz fəaliyyətimizi beynəlxalq institutlarla aparmalıyıq. Bu fikirləri də dövlətimizin başçısı çox aydın şəkildə bir daha izah etdi. Düşünürəm ki, qarşı tərəf də Azərbaycan Prezidentinin fikirlərini qəbul etdi. Zamanla bu barədə onların da mövqelərini biləcəyik. Eyni zamanda, dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də açıqladı. Prezidentin bu fikirləri onun BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı dediklərinin davamıdır. Bu, çox ciddi məsələdir”.

R.Rzayev bildirib ki, Azərbaycan Avropa ölkələri üçün etibarlı tərəfdaşdır və bundan sonra da belə olacaq:

“Ölkəmiz Avropa dövlətləri ilə münasibətlərini daha da inkişaf etdirəcək”.

İnterpress.az