NİDA-çı gənclər aclıq aksiyasına başladılarbackend

NİDA-çı gənclər aclıq aksiyasına başladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NİDA Vətəndaş Hərəkatının 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən fəalları Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı oktyabrın 11-dən aclıq aksiyasına başlayıblar. Bu barədə 11 oktyabrda Bayram Məmmədovla görüşən vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, aclıq aksiyasına başlanılmasına səbəb B.Məmmədova qarşı olan qərəzli münasibətdir.

Ə.Mustafayev bildirib ki, 9 oktyabrda bu 3 fəalın saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi orqanlardan adamlar gəlib. Özlərini təqdim etməyən bu adamlar Bayram Məmmədovla görüşüblər.

Vəkil bildirib ki, görüşü tərk edən Bayram Məmmədov növbəti gün cərimə kamerasına (“karsa”) salınıb.

Onun sözlərinə görə, B.Məmmədovun başını qırxıblar. O, növbəti 5 günü “kars”da qalmalı olacaq: “Cərimə kamerasına salanda Bayram Məmmədovun başını qırxıblar. 5 gün orada qalmalıdır. İndi ora soyuq və nəmlidir. Paltarları isə çox nazikdir. Dedim paltar gətirək. Dedi ki, qoymurlar. Onu da bildirdi ki, ”kars\” hazırda oturduğumuz otaqdan dəfələrlə soyuqdur. Yemək də yemədiyini, verilmədiyini deyir. Hər üçü aclığa başlayırlar. Tələb edirlər ki, Bayram Məmmədova təzyiqlərə son verilsin. Ona zorakılıq olmasından şübhələnib ekspertiza keçirilməsini istəyirlər və Ədliyyə Nazirliyinin rəhbərliyinin də onlarla görüşməsini tələb edirlər\”.

Bundan əlavə, vəkil bildirib ki, əməliyyatçı Bayramdan şikayət verib və ondan əməliyyatçıya qarşı kobud davrandığına dair izahat tələb edilir.

Ə.Mustafayev durumla bağlı Ombudsman Aparatına da müraciət edib. Oradan bildiriblər ki, yaxın günlərdə müəssisəyə baş çəkəcəklər. Qurumun son mövqeyini almağa cəhd etsək də mümkün olmadı.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov “Yeni Müsavat”a açıqlamasında aclıq aksiyasından məlumatsız olduqlarını söylədi: “Bizim üçün siyasi məhbus yoxdur, məhbusları da kateqoriyalara bölmürük. Bütün məhbuslar bizim üçün eynidir. Həmin məhbusların da siyasi fəaliyyətləri orada gündəmdə deyil. Adını çəkdiyiniz məhbuslar aclıq edirlərsə, bunu mütləq əsaslandırmalıdırlar. Qanunvericiliyə əsasən, bu və ya digər məhbus aclıq aksiyasına əl atırsa, o, ilk növbədə, rəsmi şəkildə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Orada aksiyanın səbəblərini göstərməlidir. Əgər doğrudan da ciddi bir səbəb varsa, bu halda həmin məhbus digər məhbus kütləsindən təcrid olunur və həkim nəzarətinə götürülür. Əks təqdirdə, burada ciddi səbəb yoxdursa, məhkum aclıq aksiyasını keçirmək istəyirsə, bu, artıq daxili intizam qaydalarının ciddi pozuntusu deməkdir. Bununla bağlı da qanunvericilikdə kifayət qədər tədbirlər var və bunlar da tətbiq olunur. Həmin üç məhbusun aksiyası üçün ciddi səbəb varsa qanunidir, əksi isə pozuntudur. Aidiyyəti strukturlar var ki, cəzanın icrasına nəzarət edirlər. Onlar Penitensiar Xidmətə və digər qurumlara şikayət edə bilərlər. Onların hər hansı bir problemləri varsa, bunun həlli istiqamətində dərhal işlər görüləcək. Orada saxlanılan məhkumların hamısı üçün şərait eynidir. Hər hansı bir ayrı-seçkilik yoxdur. Onlar adi məhkumlardır. Daxili intizam qaydaları ilə cəzalarını çəkməlidirlər”.

İnterpress.az