Bunu AzNews.az-a millət vəkili Elman Nəsirli müxalifətin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan mitinqində terror planlaşdırılması və bu cəhdin qarşısının alınmasına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bu, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin məlum hadisələr zamanı zədələnmiş imicinin DTX tərəfindən bərpasıdır. Hücumun qarşısını almaqla DTX sübut etdi ki, işinin öhdəsindən müvəffəqiyyətlə gəlir və onun əvvəlki nüfuzu bərpa olunub: \”Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətə açıqladığı məlumatdan da aydın görünür ki, terror aktını planlayanlar xarici terror şəbəkəsinin üzvləridir. Azərbaycanı istəməyən xarici qüvvələr var və həmin qüvvələr bütün imkanlardan istifadə edib, ölkəmizdə idarəolunan xaos yaratmaq istəyirlər. Buna görə də bir çox müsəlman ölkələrində tətbiq edilən terror aktlarından bəhrələnmək niyyətindədirlər. Çünki Azərbaycanın müstəqillik illərində 3 mühüm nailiyyəti var. Birincisi, bizdə daimi ictimai-siyası sabitlik var. İkincisi ictimai-siyası sabitliyin fonunda təhlükəsizlik mühiti daha da möhkəmlənməkdədir. Üçüncüsü isə ictimai-siyası sabitlik və təhlükəsizlik şəraitində ölkəmizin davamlı inkişafı təmin edilib. Deməli, həmin qüvvələrin əsas niyyəti odur ki, terror aktı həyata keçirməklə ölkədə ictimai-siyasi sabitliyi pozsunlar və təhlükəsizlik mühitini aradan qaldırsınlar. Bununla da xalq ilə hakimiyyət arasındakı birliyi pozsunlar\”.
Millət vəkilinin fikrincə, terror həyata keçirməyə çalışan qüvvələr müxalifətin keçirdiyi mitinqlərdə partlayışlar, çoxsaylı insanların qətlini həm də ona görə planlaşdırıblar ki, sonradan Azərbaycan hakimiyyətini vətəndaşların təhlükəsizliyini təmin edə bilməməkdə ittiham etsinlər: \”Bu plan Azərbaycanın ən təhlükəsiz müsəlman ölkəsi kimi formalaşmış imicinə zərbə vurmağa hesablanıb. Eyni zamanda ölkəmizə ilbəil artan turist axınının qarşısını almağı hədəfləyir. Xüsusilə də onlar 2018-ci ildə keçiriləcək prezident seçkisi öncəsi sabitliyi pozmaq, Azərbaycan haqda \”təhlükəli ölkə\” imici formalaşdırmaq niyyətindədirlər\”.
İnterpress.az