İnterpress.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib. Proqrama uyğun olaraq ilk öncə şəhərin mərkəzində tədbirin rəsmi hissəsi keçirilib.
Aqronom alim Nazir Əhmədov musavat.com-a açıqlamasında bildirib ki, budəfəki Nar festivalı öz zənginliyi və möhtəşəmliyi ilə əvvəlki illərdəkindən xeyli fərqlənir. Festival iştirakçılarına bir sıra yeniliklər təqdim olunur. Belə ki, bayramla əlaqədar müxtəlif turizm şirkətləri Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar təşkil edib. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək həm rayonla yaxından tanış olur, həm də festivalda iştirak edərək satış yarmarkalarında müxtəlif sortdan olan keyfiyyətli nar meyvəsini və ondan hazırlanan məhsulların dadına baxmaq və onları almaq imkanı qazanırlar.
Nazir Əhmədov festivalın keçirilməsinin məqsədindən də söz açıb: \”Bildiyiniz kimi Nar festivalı 2006-cı ildən keçirilir. Artıq 3-cü ildir ki, bu festival beynəlxalq festival kimi qeyd olunur. Hər il müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, millət vəkillərimiz, müxtəlif şəhər və rayonların icra başçıları tədbirə qatılırlar. Festivalı keçirməkdə əsas məqsədimiz odur ki, dünyaya çatdıraq ki, nar Azərbaycana, Göyçaya aiddir. Həmçinin xarici iş adamlarını bura cəlb etmək, narı xaricə satışa çıxarmaqdır\”.
Qeyd edək ki, hazırda festivalın maraqlı kompozisiya hissəsi başlayıb. Festivalda nardan hazırlanan maraqlı əl işləri nümayiş olunub.
İnterpress.az