Gəncə klubu Hüseynovun rəhbərliyi altında ilk matçını “Qəbələ”yə qarşı keçirib. Premyer Liqanın XIII turu çərçivəsində Gəncədə baş tutan görüş meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hüseynov fikrini bu sözlərlə davam etdirib: “Kəpəz”in bütün oyunlarına baxırdım. Amma bugünkü kimi zəif oyun görməmişdim. Elə bunun nəticəsidi ki, belə hesabla uduzduq. Demirəm ki, 3 futbolçu olsaydı, qalib gələcəkdik. Amma iki əsas müdafiəçimiz yox idi. Uşaqlara öz iradlarımı bildirdim. İlk oyunum idi, istəməzdim belə məğlub olaq. Azarkeşlərə də söz vermişəm ki, bu komandanı düzəldəcəm”.
– Komandanın düzəlməsi üçün nədən başlamaq lazımdı?
– Bu sualların cavabını sonraya saxlayaq. Qış fasiləsində 2-3 oyunçu gətirəcəyik. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də, oturmaq yox, işləmək lazımdı.
– Erkən qola görə ruh düşkünlüyü yarandı?
– Öz oynadığım dövrə gedirəm. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdı. Çünki istək sizi “yandıra” bilər. Daskada göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Erkən qoldan sonra da ruh düşkünyülü oldu. İstədilər qələbə qazansınlar, amma erkən qol öz sözünü dedi. “Qəbələ”nin hücumçuları individual şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaqsəhvlərimiz oldu. Bu səhvləri bəlkə də, heç vaxt etməyiblər. Bu gün çox istəməkdən “yandılar”.
– Bura gələrkən rəhbərlik yeni transferlər olacağına söz verilib?
– Bu məsələ mənə həvalə olunub. Amma bahalı oyunçu ala bilmərik. İndidən axtarışdayam. Amma ayağımızı yorğanımıza görə uzadacağıq. 3-4 əcnəbi də gətirmək lazımdı. Gəlmişəmsə, əziyyət çəkməliyəm.
– Ba son dəqiqələrdə əvəzetməni gözləsə də, sonradan geri döndü…
– Vaxt qutardığı üçün əvəzlənmədi. Belə şeylərə görə cəza olacaq. Hamı məsuliyyətli olmalıdı. Mən sona 8 dəqiqə qalmış əvəz etməli idim. Amma o, gec əynini geyindi. Bu nəticəyə görə komanda cəzalanacaq. Bu, həvəskar yox, peşəkar komandadı. Futbolçulara irad bildirdim ki, belə olmayacaq.
İnterpress.az