\”Gender bərabərliyi və uşaqlara xidmət\”, \”İşə qəbulda ayrı-seçkilik\” ilə bağlı məruzələrin müzakirəsinə qoşulan azərbaycanlı deputat Avropada gender bərabərliyinin təmin olunmasına, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasının əhəmiyyətinə, AŞPA-nın bu prosesdə iştirakına toxunaraq, Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışıb.
İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, \”Gender bərabərliyi və uşaqlara xidmət\” məruzəsi ətrafında keçirilən müzakirələrdə Sahibə Qafarova Azərbaycanda uşaqların fiziki və mənəvi sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin davamlığını təmin etmək məqsədilə \”Uşaq hüquqları haqqında\” Qanun qəbul olunub. Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub.
\”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında\” qanun, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” və bu qəbildən olan bir çox mühüm hüquqi sənədlər uşaqların ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır.
Millət vəkili qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının mühafizəsi ilə bağlı qanunvericilik bazası “Uşaq hüquqları haqqında” Konvesnsiya, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsi və digər müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılıb. O, Azərbaycanda uşaqların sağlam böyüməsi və mənəvi inkişafının təmin olunması məqsədilə həyata keçirilən proqram və layihələrdən danışıb.
\”Avropada erkən nikahlar\” məruzəsinin müzakirəsində Sahibə Qafarova Azərbaycanda erkən nikahların saylarının azaldılması, erkən nikah hallarının qarşısının alınması məqsədi ilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda erkən nikahın qarşısının alınması üçün qanunvericilik bazası yaradılıb, eyni zamanda həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirləri, eləcə də uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər problemin həllinə yardım edir. Azərbaycanda erkən nikahlarla mübarizə üzrə tədbirlər planının icra olunduğunu deyən millət vəkili əlavə edib ki, ölkəmiz bu sahədə bir çox beynəlxalq təşkilatlar, o cümlədən YUNİSEF ilə uğurlu əməkdaşlıq edir.
Sərbəst debatlarda Milli Məclisin deputatı vurğulayıb ki, noyabrda ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar bir sıra tədbirlər təşkil edib.
S. Qafarova Azərbaycanın bu məsələdə bütün beynəlxalq təşəbbüslərə dəstək verdiyini xatırladıb. “Gender əsaslı zorakılıq yalnız qadınların problemi kimi qəbul edilməməlidir. Bu, ümumbəşəri pandemiyadır və bu problemin aradan qaldırılması üçün bütün səylər birləşdirilməlidir”-deyə S. Qafarova bildirib.
İnterpress.az