Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti İŞİD-ə qoşulan bir şəxsə məxsus silah anbarı aşkar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (SGB) Telavi bələdiyyəsinin meşəlik ərazisində gizli silah-sursat anbarı aşkar edib.
Məlumata görə, orada uzun müddət saxlanılan odlu silah, beş daraq, 161 patron, üç qumbara və müxtəlif partlayıcı maddələr tapılıb.
Bu arsenal İŞİD üçün döyüşçü toplayan kriminal qruplaşma üzvü Əhməd Çatayevə məxsus olub.
Çatayev 1999–2000-ci illərdə İkinci Çeçenistan müharibəsində iştirak edib, sonradan ailəsi ilə Avropaya köçüb. 2010-cu ildə Ukraynada saxlanılaraq Tbilisiyə təhvil verilib.
Qısa müddətlik həbsdən sonra azadlığa çıxıb və 2015-ci ildə Suriyaya keçərək İŞİD sıralarına cəlb üçün fəaliyyət göstərib. Həmin il BMT və ABŞ onu İŞİD və “Əl-Qaidə” ilə əlaqəli şəxslərin sanksiya siyahısına salıb.
2017-ci ilin noyabrında Tbilisidə xüsusi əməliyyat zamanı özünü partladaraq ölüb.
2017 əməliyyatı zamanı Çatayevin rəhbərlik etdiyi qruplaşmanın Tbilisidə terror aktı planlaşdırdığı bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






