Son illərdə Azərbaycana idxal olunan ət məhsullarının həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu ətlərin əksəriyyəti dondurulmuş formada gətirilir və beynəlxalq qaydalara görə, yalnız buzlu vəziyyətdə satışa çıxarılmalıdır. Lakin bəzi hallarda bu ətlər əridilərək “təzə ət” adı ilə bazara çıxarılır.
Bu fikirləri İnterpress.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov səsləndirib.

O bildirib ki, bu hal həm istehlakçılar üçün sağlamlıq riski yaradır, həm də yerli ət bazarına mənfi təsir göstərir.
Ekspertin sözlərinə görə, dondurulmuş ətin əridildikdən sonra yenidən dondurulması və ya təzə ət kimi satılması sanitar normaların kobud şəkildə pozulması deməkdir:
“Əridilmiş ət bakteriyaların sürətlə çoxalması üçün ideal şərait yaradır. Bu da zəhərlənmə və infeksiya hallarına səbəb ola bilər. Satıcılar məhsulların temperatur rejiminə (-18°C və aşağı) ciddi əməl etməli, soyuducu şərait və etiket məlumatları qaydasında olmalıdır.”
O, həmçinin qeyd edib ki, ucuz idxal ətləri – xüsusilə quş və iri buynuzlu heyvan ətləri – yerli istehsalçılar üçün rəqabəti çətinləşdirir:
“Bu vəziyyət bir tərəfdən istehlakçılara daha ucuz məhsul verir, amma digər tərəfdən yerli fermerlərin gəlirini azaldır və ölkənin ərzaq təhlükəsizliyini zəiflədir.”
Ekspert istehlakçılara aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edib:
– Mənşə ölkəsi, istehsal və dondurulma tarixi göstərilməlidir;
– Dondurulmuş ət yalnız buzlu vəziyyətdə satılmalıdır;
– Rəng və qoxuya fikir verilməlidir;
– Soyuducu şərait və temperatur nəzarətdə olmalıdır;
– Məhsul yalnız qanuni satış nöqtələrindən alınmalıdır.
Ekspert sonda vurğulayıb ki, idxal olunan buzlu ətlərin ərzaq təminatında rolu olsa da, bu prosesin şəffaf və qaydalara uyğun aparılmaması həm insan sağlamlığı, həm də bazar balansı üçün ciddi təhlükə yaradır.
Xuraman Etibarlı
İnterpress.az






