İnterpress.az xəbər verir ki, həmin müəssisələrin əmlakının qiymətləndirilməsi məsələsinin təcililiyi və vaxt məhdudiyyəti nəzərə alınaraq, “Dövlət satınalmaları haqqında” Qanununa uyğun, bir mənbədən satınalma üsulundan istifadə ediləcəyi üçün yanvarın əvvəlində elan edilmiş tenderdən imtina olunub.
Birbaşa satışa çıxarılan şirkətlərin çoxu isə “Beynəlxalq Bank”ın törəmə müəssisələridir. Bunların arasında “İnter Peşəkar İdman Klubu” MMC də var.
Qeyd edək ki, “Keşlə” futbol klubu “İnter” PİK-dən ayrıldıqdan sonra bu MMC-nin balansında yalnız “İnter Arena” qalıb. “İnter” PİK-in hazırkı rəhbəri “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin yaxın dostu Tapdıq Osmanovdur. Polis polkovniki olan Osmanov cüdo üzrə SSRİ idman ustasıdır.
Xatırladaq ki, dekabrın 4-də prezident İlham Əliyev imzaladığı fərmanda “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının “Azərbaycan Beynəlxalq Bankı”ndan aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə verilib.
İnterpress.az