Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib. O, məlumat verib ki, danışıqlarda iştirak etmək üçün Avropa İttifaqının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək. Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D. Danilidis konkret tarixin məlum olmadığını deyib: “Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq”.
D.Danilidis Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib: “Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır”.
Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar ötən ilin fevralından başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin fevralında və noyabrında Brüsselə səfərləri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.
Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Avropa İttifaqı və onun üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş\” layihənin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.
Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar var. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcək.
Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı müstəvisində əməkdaşlıq edir. Bu əməkdaşlığın bir çox sahələrində həm də çoxtərəfli platforma var. “Şərq Tərəfdaşlığı” orada iştirak edən ölkələrin Aİ ilə daha da yaxınlaşması üçün imkanlar yaradır. Avropa İttifaqı əvvəlcə Moldova, sonra isə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edib. Azərbaycan Aİ ilə saziş imzalayandan sonra Azərbaycanla da vizasız rejim tətbiq ediləcək.
Danışıqlar prosesinin uzanması və saziş imzalanmasını yubadan bir sıra faktorların olduğu bildirilir. Bir sıra politoloqların fikrincə, bu prosesin uzanmasına və uğurla yekunlaşmasına bir neçə faktor mane olur. İki başlıca səbəb var. Birinci səbəb xarici amildir. Rusiya amili var. Rusiya Azərbaycanın Avropa İttifaqı və Avroatlantik institutlarla yaxınlaşmasına çox aqressiv reaksiya göstərir. Rəsmi Bakı da bundan ehtiyatlanır. İkinci səbəb daxili amildir. Avropa İttifaqı ilə yaxınlaşmaq ölkədə siyasi islahatların, ən başlıcası isə azad və ədalətli seçkilərin keçirilməsini tələb edir. Avropa İttifaqı ilə saziş imzalamaq üçün ilk növbədə Azərbaycan gərək Ümumdünya Ticarət Təşkilatına üzv olsun. Azərbaycan da Ümumdünya Ticarət Təşkilatına hələ ki üzv olmur. Avropa İttifaqı ilə saziş layihəsi hazırlanması prosesində Azərbaycan tərəfindən danışıqları aparan məsul şəxs xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdir. (musavat)
İnterpress.az