Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi ilə Gürcüstan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi tədbirdə Azərbaycan səfirliyinin, Gürcüstanın elmi dairələrinin nümayəndələri, hər iki ölkənin iciimai-siyasi tanınmış şəxsləri, habelə tələbə-gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Konfransı giriş sözü ilə açan Gürcüstan Texniki Universitetinin departament direktoru Nikoloz Metreveli hər iki ölkənin Cümhuriyyət tarixindən söz açıb və iki ölkənin gənclərinin birgə fəaliyyətinin zərurətini vurğulayıb.
Daha sonra Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, Azerbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana səfərlərini, akademiyadakı görüşlərini xatırlayıb. O bildirib ki, bu gün hər iki xalq ozünün ən əziz, müqəddəs bayramlarından birini qeyd edir: “Bu, bizim dostluğumuzun və qardaşlığımızın nümunəsidir”. Akademik Roin Metreveli Azərbaycanın və Gürcüstanın Milli Elmlər Akademiyaları, eləcə də digər elmi müəssisələri, alimləri arasındakı dostluq əlaqələrindən bəhs edib, bu münasibətlərin inkişafının rolunu xüsusi qeyd edib.
Sonra Azərbaycan səfirliyin birinci katibi Rəhim Rəhimzadə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan və Gürcüstan tarixən qonşu və dost ölkələr olublar: “Bu dostluq bugün də yüksələn xətlə inkişaf edir və möhkəmlənir”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxışında Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlığın inkişafında gənclərin rolunu xüsusi qeyd edib.
Daha sonra Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edərək, Cümhuriyyətin 100 illiyi barədə söz açıb, 100 il keçməsinə baxmayaraq, bugün də Gürcüstan və Azərbaycan xalqlarının dostluq və qardaşlıq şəraitində yaşadığı, beynəlxalq tribunalarda hər iki ölkənin eyni mövqedən çıxış etdiyini qeyd edib.
Çıxışlarda 1918-ci illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrdən, Zaqafqaziya Seyminin yaranması və buraxılması səbəblərindən bəhs olunub.
Çıxış edənlər bu hadisələrin məntiqi səbəbləri kimi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının yaranması zərurətini elmi əsaslarla izah edib, sovet hakimiyyətinin yaranması ilə hər iki xalqın müstəqil dövlətlərinin süquta yetirildiyini diqqətə çatdırıblar.
Bildirilib ki, bu gün Tbilisidə belə bir tədbirin keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir.
İnterpress.az