Ölkəmizin növbəti iqtisadi revanşı – Müsahibəbackend

Ölkəmizin növbəti iqtisadi revanşı – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azər Verdiyev: \”Cənub Qaz Dəhlizi layihəsi ölkəmiz üçün yeni imkanlar açacaq\”

Azərbaycan bir həftədən artıqdır ki, dünya mediasının diqqət mərkəzindədir. Səbəb ötən həftə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, eləcə də dünyanın bir sıra ölkələrinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda baş tutan Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasiminin keçirilməsidir. Uzun sürən müzakirələr və aparılan danışıqların nəticəsi olaraq reallaşan bu layihənin Azərbaycan qədər Qərb və Avropa üçün də önəmli olduğu sözügedən tədbirin rəsmi açılış mərasimindəki iştirakçı dövlətlərdən də aydın görmək mümkündür. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinə Birləşmiş Ştatlar və Böyük Britaniyanın dəstək nümayiş etdirməsi bu layihənin Vaşinqton və London üçün də önəm kəsb etdiyi fikrini formalaşdırır.

Qeyd etdiyimiz kimi Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimi dünya mediasının da diqqətində olub. Həm qardaş Türkiyə, həm də Qərb mətbuatında Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı dərc edilən yazılarda birmənalı olaraq bir fikir vurğulanır ki, Azərbaycan sözügedən layihəni gerçəkləşdirməklə daha bir önəmli addım atmış oldu. Həmçinin bu layihə və həmin layihədə Bakının bilavasitə təşəbbüskar və iştirakçı olması Azərbaycanın Cənubi Qafqazdakı yüksək nüfuzu və önəmli rol oynaması kimi səciyyələndirilir. Bildirilir ki, layihəyə Birləşmiş Ştatlar və Böyük Britaniya hökumətinin də dəstək nümayiş etdirməsi Azərbaycanın dünya nəhəngləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasının bariz nümunəsidir. Birləşmiş Ştatlar prezidenti Donald Trampın, Böyük Britaniyanın baş nazirinin bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladıqları təbrik məktubları bunun əyani sübutu kimi göstərilir.

Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatı üçün həyati əhəmiyyətli layihə kimi təqdim edilir. Bildirilir ki, elə bu səbəbdəndir ki, əsas Avropa ölkələri Cənub Qaz Dəhlizi layihəsinə ciddi önəm verir, bu layihəyə bu və ya digər dərəcədə qoşulmaq istəyirlər. Çünki Rusiya ilə Qərbin. Avropanın münasibətlərinin getdikcə gərginləşməsi yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyini ciddi şəkildə təhlükə altında qoyacaq. Ona görə də hazırda Avropa Azərbaycana əsas xilas mənbəyi kimi baxır və bu üzdən Cənub Qaz Dəhlizi layihəsinə önəm verir.

\”Qlobal\” Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də layihənin əhəmiyyətindən danışarkən Cənub Qaz Dəhlizinin Azərbaycan qədər də Avropa üçün də həyatı əhəmiyyət kəsb etdiyini söyləyib.

-Azər bəy, bu günlərdə Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimi oldu. Layihənin əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Son 10 ildə ölkəmiz bir sıra beynəlxalq iqtisadi layihələr həyata keçiribdir. Bu layihələr tək ölkəmiz üçün deyil, bütövlükdə regionun enerji təhıükəsizliyinin təminatı üçün zəruridir. Cənub Qaz Dəhlizi layihəsi də sözün əsl mənasında ölkəmizin növbəti iqtisadi revanşıdır

-Bu layihəyə Amerika və Böyük Britaniya ilə yanaşı aparıcı Avropa ölkələrinin də dəstək verməsi ona beynəlxalq marağın artdığından xəbər vermirmi?

Azərbaycan iqtisadiyyatı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində durmadan inkişaf edir. Zamanında Heydər Əliyev də beynəxalq iqtisadi layihələrə dünyanın ən güclü dövlətlərini cəlb edirdi. Bu layihə də sözügedən siyasətin məntiqi davamıdır

-Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan Avopanın enerji xəritəsini nə dərəcədə dəyişmiş oldu?

-Hesab edirəm ki, bu layihə birmənalı şəkildə regionun enerji təminatına hesablanıb. Bu gün həm də Avropa dövlətləri alternativ enerji axtarışındadırlar. Bu mənada da ən real dövlət məhz Azərbaycandır.

-Layihəyə olan beynəlxalq maraq Azərbaycana olan maraq və Bakı ilə yüksək səviyyəli əməkdaşlığa verilən önəm deyilmi?

-Əslində dünya güclərinin Azərbaycanın beynəlxalq iqtisadi layihələrinə qoşulması rəsmi Bakının mövcud gücündən xəbər verir. Bu həm də ölkəmizdə mövcud olan siyasi-iqtisadi sabitliyin ən bariz nümunəsidir.

-Ümumiyyətlə, bu layihə Azərbaycana hansı dividentlər gətirəcək?

-Hər bir beynəlxalq layihə ölkə iqtisadiyyatı ilə yanaşı digər sahələri də inkişaf etdirir. Bu mənada hesab edirəm ki, Cənub Qaz Dəhlizi layihəsi ölkəmiz üçün yeni imkanlar açacaq.

İnterpress.az