Hər il iyun ayının 14-də dünyada Qan Donoru Günü qeyd olunur. Bu il Ümumdünya Qan Donoru Günü “Başqalarını düşün. Qan ver. Həyatını paylaş” adlı şüar altında qeyd olunur.
Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu il Ümumdünya Qan Donoru Günü münasibəti ilə Şəki şəhərində yerləşən Marxal Resourt&Spa otelində “Addımlarımızın bəhrəsi” adlı tədbir keçirildi.
Tədbir əsas məqsədi könüllü qan donorlarına şəfqət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması və bütün regionlarda könüllü donorluq ənənəsinin genişləndirilməsinə həsr olunmuşdu.
Tədbiri B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Әlimirzәyeva giriş sözü ilə açdı. Onun sözlərinə görə, təbabətin elə bir sahəsi yoxdur ki, orada qan köçürülməsinə ehtiyac olmasın. Doğuşa yardım, cərrahi әmәliyyatlar və s. hallar buna misal ola bilər. Zöhrə xanım ölkəmizdə talassemiyalı insanların donor qanına daim ehtiyacı olduğunu vurğuladı.
Tədbirdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin sədr müavini Gülgün Gündüz, Kliniki Tibbi Mərkəzin qan bankının müdiri Nabat Xəlilova, Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilov çıxış etdilər. Talassemiyalı pasiyentlərə mütəmadi yardım göstərən qan donorları da tədbirdə iştirak etdilər. Onlar donorluğun şərəfli bir missiya olduğunu xüsusilə qeyd etdilər.
Ümumdünya Qan Donoru Günü münasibətilə, əhali arasında Azərbaycan Talassemiya Federasiyası İB və Mərkəzi Qan Bankı tərəfindən sorğu təşkil olundu, və tədbirdə qonaqlar bu haqda qısametrajlı video çarxını, və həmçinin tədbir münasibəti ilə hazırlanan “Donor ol!” adlı təqdimatı izlədilər.
ATF-nın sədr müavini Gülgün Gündüz “Talassemiyalı pasiyentlərimiz qan donorları barədə nə düşünürlər” adlı təqdimatla çıxış edərək, talassemiya pasiyentlərinin tәşәkkür sözlərini qan donorlarına çatdırdı. O, “Donor” sözü bağışlamaq, hədiyyə etmək, bölüşmək mənasını daşıyır. Mən taleyimizin qisməti ilə, aralarında doğma qızımın da olduğu, tanımadığı yad adamlara özünün bir zərrəsini bağışlamağa hazır olan insanlara hər zaman heyran oluram. Hər bir qan köçürülməsi bizim üçün sadəcə həyat zərurəti olmaqla yanaşı, həm də yeni insanla özünəməxsus tanışlıq deməkdir. Birindən sonra qızım oxuyacaq, digərindən sonra rəqs edəcək, üçüncüdən sonra gülməli əhvalatlar danışacaq. Ola bilsin ki, elm bunu sübut etməyib, lakin mən inanıram ki, donor özünün bir hissəsini paylaşmaqla təkcə qanı ilə deyil, həm də öz cizgiləri və həyat təcrübəsi ilə bölüşmüş olur! Sizə çox minnətdarıq. Hamınızın qarşısında baş əyirik!!! Hörmətlə, 5 yaşlı Teyanın anası Alına xanım” sözləri ilə çıxışını vurğuladı.
Tədbirin rəsmi hissәsinin sonunda talassemiya pasiyentlərinin adından Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nailə Quliyevanın “Donorlar, sizə təşəkkür edirik – Siz müqəddəs insanlarısınız! Həyatda müxtəlif vəziyyətlər olur – bəzən bir insanın həyatı yalnız sizdən asılı olur. Siz sözün əsl mənasında zəmanəmizin qəhrəmanlarısınız. ÇOX SAĞ OLUN !!! Çox sağ olun ki, mənim şəhərimin, mənim Böyük Ölkəmin taleyinə biganə qalmırsınız! Lütfən, gəlin qəhrəmanlarımızı ayaq üstə alqışlayaq!” sözləri ilə tamamlanan təşəkkür nitqi donorlara çatdırıldı.
Tədbirdə korporativ donorluğunun Şəki şəhərində və qonşu bölgələrdə genişlənməsində və inkişafında dəstəyi olan təşkilatlara və mütəmadi qan donorlarına Təşəkkürnamələr təqdim olundu.
Tədbirin sonunda Azərbaycan Respublikasının əməkdar artisti Fərqanə xanım Qasımova, gənc muğam ifaçısı Aycan Şükürlü, Xalq ulduzu yarışmasının finalçısı Anar Nəbiyev və gənc müğәnni Anar Rәsul konsert proqramı ilə çıxış etdilər.
İnterpress.az