Respublikanın Əməkdar artisti, mərhum aktyor Elçin Həmidovun 60 illik yubileyinə həsr olunacaq tamaşa nümayiş olunacaq.
Bu barədə İnterpress.az-a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova məlumat verib. O bildirib ki, iyul ayının 1-də saat 19:00-da Üzeyir Hacıbəyovun “Ər və arvad” iki hissəli musiqili komediyasının növbəti nümayişi Respublikanın Əməkdar artisti, mərhum aktyor Elçin Həmidovun 60 illik yubileyinə həsr olunacaq.
F.Aslanovanın sözlərinə görə, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktyorun yaradıcılıq yolu barədə çıxış edəcək. Səhnə əsərində sevimli Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları çıxış edəcəklər.
Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev isə bildirib ki, \”Məzi\”nin rol aldığı komediyalardan biri teatrda nümayiş etdirilməklə onun xatirəsi yad olunacaq: “Məharətli aktyorluq bacarığına malik Elçin Həmidovun yaradıcılığı çoxşaxəli və zəngin idi… O, qeyri-adi aktyor idi. Onun parodiyalarını hamı sevirdi. O, Musiqili Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasında Kəblə Qubad obrazını ifa etmişdir. Odur ki, biz iyulun 1-də bu komediyanı təqdim etməklə Elçini bir daha xatırlayacağıq. Onun bu səhnədə son yaradıcılıq işi Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaişnitsa oldu. Son oynadığı premyera… Vaxtsız əcəl onu bizim aramızdan tez apardı və teatr cameəsini çox sarsıtdı. Elçin Həmidovun əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”.
Qeyd edək ki, 28 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elçin Həmidov bu teatrın səhnəsində oynadığı bütün komediyalarda tamaşaçıların rəğbətini qazanıb. İstedadlı aktyor həmçinin \”Planet Parni iz Baku\” KVN teatrında çalışmış, “ Məhəllə – 1 ” və “ Məhəllə – 2 ” filmlərində canlandırdığı komik \”Məzi\” obrazı ilə hamının yaddaşında silinməz iz qoyub.
Səid Qərib
İnterpress.az