İşçilərini aldadan “Azər Mühafizə”nin adı oğurluqda hallanırbackend

İşçilərini aldadan “Azər Mühafizə”nin adı oğurluqda hallanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkət əməkdaşlarının sözlərinə görə, şirkət mühafizəyə ehtiyacı olan obyektlərlə müqavilə imzalamaq üçün qəribə yola əl atıb: “Məsələn, market rəhbərliyinə şirkət mühafizə təklif edib. Market sahibi razı olmayıb. Onda şirkət rəhbərliyi marketə oğru göndərib. Market soyulub, yenidən şirkət öz xidmətini təklif edib. Market sahibi yenə razılaşmayıb. Ssenari bu qayda ilə davam edib. Market sahibi gecəni marketdə keçirib və oğrunu yaxalayıb. Oğrunu polisə təhvil verəndə cavab özünəməxsus olub: \”Cavan oğlandır, bəlkə pulu yoxuymuş, siqaret götürmək üçün giribmiş. Ya da susayıbmış, su içmək üçün giribmiş\”. Məhz bu problemdən sonra obyektlər bir-birinin ardınca müqavilələr imzalamağa başlayıb. Müqavilənin qiyməti 150-400 manat arasında dəyişib”.

Məlumatlara görə, işi genişləndirmək üçün inspektor vəzifəsi tutacaq şəxslərə şərtlər qoyulub: “Onlar minimum 2 obyekt sahibini müqavilə bağlamağa razı salmalı idilər. Bundan başqa işə düzəlmək istəyən bəzi gənclərə də oxşar şərt qoyulub. Məsələn, taxta-şalban zavodunu mühafizə etmək lazımdır, ancaq obyekt sahibi razı deyil. Onda depozitini ödəyib işə girmək istəyənlərə şərt kəsilir ki, müqavilə üçün lazım olan 150 manatı obyekt sahibi verməyəcək, işçilər pulu öz maaşlarından verəcək və həmin obyekti mühafizə edəcəklər. Beləliklə şirkətin əhatə dairəsi genişlənib. Xüsusən də bölgələrdəki gənclərin böyük əksəriyyəti bu işə cəlb olundu. Təkcə Şəmkir rayon Kür qəsəbəsi kimi kiçik qəsəbədən 40 nəfər bu işdə işləyir, ümumilikdə işçi sayı 8 min nəfərdir. Depozitdən əlavə bəziləri 600 manat rüşvət verdiklərini bildirirlər. Maaş 5 ay qabağa qədər 35 gündən bir verilirdi. Sonra gecikmələr başladı. Əvvəlcə 50 gündən bir, sonra 2 aydan bir. Ancaq axır bir neçə ay ərzində maaşlar ümumiyyətlə verilmir. İşin görünən rəhbəri Vüqar Hüseynov isə fırıldaqçılığa görə həbs olunub”.

Mənbənin məlumatına görə, bölgə rəhbərləri, dəstə rəhbərləri, inspektorlar işçiləri işə davam etməyə razı salmağa çalışırlar: “Maaşların yaxın günlərdə ödənəcəyini deyirlər. Məsələ onda deyil ki, rəhbərlik işçilərdən, etirazdan qorxur. Bölgə rəhbərlərinin əsas problemi obyekt sahibləriylə olan müqavilələrdir. Hər müqavilədən onlara 15% pul çatır. Əgər indi işçilər işə çıxmasalar, şirkət vaxtı tamam olmamış müqavilələrə görə cərimə ödəməli olacaq. Ancaq 1 ay işçiləri yola verib, işə çıxmağa razı salsalar, həm obyekt sahibləriylə problemləri olmayacaq, həm də alınan puldan faiz gələcək”.

Mənbə bildirib ki, bölgələrdə də şirkət əməkdaşlarının aksiyaları başlayıb: “Şəmkir rayonunda “Azər Mühafizə”nin ofisi qarşısında işçilər aksiya keçirmək istəyirdilər. Ancaq rəhbərlik onları tək-tək otağa çağırıb dilə tutur, yığışmağa imkan vermir. Son olaraq maaşın yanvarın 21-də ödəniləcəyinə söz veriblər, ancaq işçilər işə çıxmamaq məsələsində qərarlıdırlar”.

Ümid Xəzər
İnterpress.az