Türkiyədə rusiyalı sabiq polis əməkdaşının cansız bədəni tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Türkiyənin turizm mərkəzi olan Antalya şəhərində Rusiya vətəndaşı, təqaüddə olan 51 yaşlı sabiq polis əməkdaşı Sergey faciəvi şəkildə dünyasını dəyişib. Onun cansız bədəni Muradpaşa rayonunun Güzeloba məhəlləsində yoldan keçən sakinlər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Əraziyə gələn polis və təcili yardım əməkdaşları onun artıq vəfat etdiyini müəyyənləşdiriblər. İlkin iddialara görə, rusiyalı sabiq polisə infarkt keçirən zaman yerli həkimlər tərəfindən lazımi tibbi yardım göstərilməyib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, Sergey iyunun 10-da oğlu ilə birlikdə Maqnitoqorsk şəhərindən Antalyaya tətilə gəlibmiş.
Hadisədən bir gün əvvəl onun ürəyində kəskin ağrılar başlayıb və o, yerli xəstəxanalardan birinə müraciət edib. Lakin növbətçi həkimlər onu xəstəxanaya yerləşdirməkdən imtina edərək evə buraxıblar.
Bir qədər sonra ağrıları yenidən şiddətlənən Sergey təkrar xəstəxanaya getməyə çalışsa da, yolda infarkt keçirərək tibb müəssisəsinə çatmamış dünyasını dəyişib.
Sergey hüquq-mühafizə orqanlarında 30 il xidmət etdikdən sonra üç il əvvəl təqaüdə çıxıbmış və hər il müntəzəm olaraq Türkiyəyə istirahətə gəlirmiş.
Faktla bağlı Türkiyə prokurorluğu tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






