80 saylı İmişli Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşləri davam etdirir.
İnterpress.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə Beyləqan rayonunun Sarısu, Şərq və Türklər kəndlərində görüşlər keçirib.
Görüş zamanı deputatlığa namizəd regionların sosial-iqtisadi inkişaf proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan və tikintisi planlaşdırılan məsələlər ətrafında məlumatlar verib. Eyni zamanda seçicilərin suallarını cavablandırıb.
Daha sonra kənddə olan müəyyən problemlərin müvafiq qurumlara çatdırılacağına söz verib.
Kənd sakinləri ölkədə usaqpulunun bərpa olunmasını və bunun yuxarı orqanların diqqətinə çatdırılmasını deputatlığa namizəddən xahiş ediblər.
Çingiz Qənizadə ayrı-ayrı vətəndaşları da fərdi qəbul edib.
Görüşlərdə çıxış edənlər Çingiz Qənizadənin bu kəndlər üçün əlçatan deputat olduğunu, kəndlərə gəlib seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların qaldırdığı problemlərə diqqətlə yanaşdığını qeyd ediblər. Seçicilər deputatlığa namizədin Milli Məclisdəki beynəlxalq fəaliyyətini də yüksək qiymətləndiriblər. Həmçinin seçicilər Çingiz Qənizadəyə səs verəcəklərinə də söz veriblər.
Şərq kəndində namizədlərdən biri, İxtiyar Şirinovun oğlu Hikmət Şirinov Çingiz Qənizadənin seçicilərlə görüşə müdaxilə etmək üçün cəhdlər edib. Belə ki, o əvvəlcədən öyrədilmiş bir qrup şəxsi öz arxasıyca apararaq, şüarlar səsləndirib. Onun bu hərəkəti aktlaşdırılıb və dairəyə bu haqda rəsmi müraciət olunacaq.